Ədəbiyyatdan namələr: Var Hadinin imzası fədailər içində – Namə 10

Ədəbiyyatdan namələr: Var Hadinin imzası fədailər içində -Namə 10

“İNFONEWS” -un Ədəbiyyatdan namələr” layihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Qədimaliyeva təqdim edir:

Onuncu namə:

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

– ritorik müraciətlə başlanan, bir marş, himn təsiri bağışlayan “Türkün nəğməsi” şeiri milli – türk ideologiyasının şah damarı, kulminasiya nöqtəsidir. Cəmi on doqquz misradan ibarət olsa da, şair bu misralarda böyük bir kitablara sığmayan dərin mənanı sığışdırmağa müvəffəq olmuşdur. Müharibənin özünü yox, onun ictimai həyata gətirdiyi süstlüyü, mənəvi böhranı, ümumbəşəri faciəni təsvir edən Məhəmməd Hadi imzası oxucusuna nə vəd edir?!

Qan ilə qazandıq zəfəri, verməriz əldən,
Xof eyləmədik atəşi-dəhhaşe düvəldən
Bir zərrə belə qorxmayırız dəsti-əcəldən,
İstərsə cahan çevrili varsın da təməldən.
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək müslih əməldən.
Yüksək yaşamaq istər ikən cümlə miləldən…

Hadi kədəri bəşəri kədər idi…Birinci Dünya müharibəsinin iştirakçısı olan və bəşəriyyətə fəlakətlər gətirən, dağıdıcı müharibəni dönə-dönə lənətləyən, müharibənin onda oyatdığı acı təəssüratlarını “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poemasında yazan şair bu şeirində müharibəyə yeni bir qiymət verir. Rusiya imperiyasının dağılmasının birbaşa cahan savaşı kimi vurğulayan və Rusiyanın bu müharibədə uduzması qənaətinə gələn Hadi ələ düşmüş fürsətdən istifadə edərək illər boyu arzusunda olduğu, azadlığı uğrunda canından, qanından keçən milləti qazandığı hürriyyəti qorumaq üçün birliyə səsləyir və tarixin dərslərindən ibrət götürməyə çağırır. O, qürur və cəsarətlə bəyan edir ki, dörd ildə türk millətinin müharibə meydanlarında axıtdığı qanlar və verdiyi canlar öz məfkurəsi, istiqlalı uğrunda olmuşdur və bunlar heç vaxt unudulmaz və hədər getməz…Zəfərini qan ilə yazan türk milləti od püskürən dövlətlərin hədə-qorxularından, ölüm və məhv olmaq təhlükəsindən zərrə qədər çəkinməz:

Türkün üzü çevrilməyəcək səmti-əməldən,

Türklər geriyə dönməyəcək misli-əməldən.

Bu əməl tarixən türklərin azad, hürr yaşamaq eşqidir…”Türkün nəğməsi” şeirində olduğu kimi, digər şeirlərinin də şairin əsas ideyası türk millətinə olan böyük sevgi və qazanılmış istiqlaliyyətin qorunması arzusudur. “Ordusu zəif, uğrunda can verməyi özünə şərəf hesab edən əsgəri olmayan dövlətin məhvi labüddür”,- deyən şair ordunu, əsgəri Vətənin, dövlətin qarantı, keşikçisi olmağa çağırır:

Əsgər olmaq bir şərəfdir türk üçün, islam üçün,

Əsgəriyyətlə yaşar millət həyatı şan ilə.

Ən işıq bir ömür istərsək günəş altında biz,

Durmalı ədaya qarşı qeyrəti-rəxşan ilə.

Məhəmməd Hadi cəbhədə – Karpatda olduğu zaman şahidi olduğu hadisəni “Karpat xatirələrindən” qələmə almışdır. Gözləri kor olduğundan gündüzləri də gecə kimi keçən iki yaşlı bir tifilin əhvalını təsvir edən şair oxucularına bildirir ki, “insan ömrünü anadangəlmə kor olan bu bədbəxt çocuq kimi keçirməməli, dünyaya açıq gözlə baxmalı, yaxşını pisdən seçməyi bacarmalıdır”. Çünki:

Gözsüzlər ilə gözlülər olmaz ki bərabər,

Zindəylə bərabər ola bilməz ki, ölənlər.

Şəhrayi-həyatı görəməz kor olan insan,

Kor olmayalım, istər isək ömri-dirəxşan.   

Beləlilkə, Vətən sevgisini imanına çevirən, dövrünün mətbuatını, ədəbiyyatını lərzəyə salan, açıq və üsyankar yazıları ilə ölüm fərmanını imzalayan ustad şair – “Məhəmməd Hadi kimdir?” sualı həmişə bizi düşündürür: Vətən sevdalı hürr aşiqi, azadlıq, haqq-ədalət, elm, mərifət şairi, həyatın amansız zülümlərinə sinə gərən repressiya qurbanı, Karpatda döyüşən ordu birliyində imam, 1918-ci il martında Bakıda rus-erməni qətliamının şahidi, ömrünün son illərini səfalət içərisində keçirərək öz yazdığı şeirlərini küçələrdə satan və xəstəxanada kimsəsiz ölən bir insan… Göründüyü kimi şair tək yaradıcılığı ilə deyil, bütünlükdə tərcümeyi-halı ilə diqqətimizi çəkir. Zaman heç bir şairi bu qədər zülmlə, amansızlıqla “imtahan”na çəkməmiş, əzməmişdir… Nə yazıq ki, taleyin acı girdabında boğulan Hadi dərd-sərini, ideyalarını həyat fəlsəfəsinə, didaktikaya çevirərək, sanki özündə bir təskinlik tapırdı:

Elmin, hünərin, mərifətin varsa, buyur gəl,

Yoxsa, bu həyat aləminə olma bir əngəl,

Ərbabi-kamalın yeridir bil ki, bu meydan,

Bədbəxt yaşar torpağın üstündəki nadan …  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir