“Minaaxtaran” peşəsi üzrə hazırlıq kursu təşkil edilib
“İNFONEWS” xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Minaaxtaran” peşəsi üzrə hazırlıq kursu təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Qaya Safety Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa Tərtər, Ağdam və Bərdə rayonlarından xüsusi meyarlar əsasında seçim aparılmaqla 15 işsiz cəlb edilib.
Nəzəri biliklərin tədrisindən sonra müdavimlər Cəbrayıl rayonunda minatəmizləmə işlərinin aparıldığı sahələrdə təcrübə də keçəcəklər.
Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər işğaldan azad olunan rayonlarda ərazilərin minalardan təmizlənməsi sahəsi üzrə əmək fəaliyyətinə başlayacaq.
Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.