Bakı Şəhər Halqası mətbuat nümayəndələri üçün media seminar keçirib
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 10-12 iyun 2022-ci il tarixlərində növbəti Formula 1 Azərbaycan Qran Prisini işıqlandırmaq istəyən yerli media orqanlarının akkreditasiyası ilə bağlı seminar keçirib.
Jurnalistlərin iştirakı ilə baş tutan tədbirdə BŞH-nın milli mətbuat katibi Turab Teymurov bu il Formula 1 çempionatındakı yeniliklər, yarışın təqvimi, komandaların tərkibi, media mərkəzi, paddok və ən əsası media mənsublarının yarış zamanı iştirakının təmin olunması üçün zəruri olan qeydiyyat prosedurları barədə məlumat təqdim edib.
Tədbir zamanı, media COVID-19 pandemiyasından irəli gələn şərtlər və “Qırmızı zona” ilə bağlı maarrifləndirilib. Bildirilib ki, tam vaksinasiyadan keçmiş KİV nümayəndələri paralel olaraq, yarış dövründə, xüsusi ayrılmış məkanlarda COVID-19 testindən keçməlidirlər.
Media nümayəndələrinin qeydiyyatı portalı, zəruri sənədlər və mərhələlər barədə məlumatlar ətraflı təqdim olunaraq, bununla bağlı yaranan suallar cavablandırılıb.
Xatırladaq ki, medianın akkreditasiyası prosesi aprelin 14-ü, saat 17:00-da başa çatacaq. Formula 1 Azərbaycan Qran Prisində iştirak etmək istəyən media nümayəndələri BŞH-nın rəsmi akkreditasiya səhifəsinə daxil olaraq, qeydiyyatdan keçə biləcək.