Şəkər xəstələrinə pulsuz tibbi vasitələr niyə verilmir?
Redaksiyamıza daxil olan məlumata görə, artıq 2 aydan çoxdur ki, şəkərli diabet xəstələrinə müvafiq sahə poliklinikaları tərəfindən pulsuz verilməli olan dərman və özünənəzarət vasitələrinin verilməsində çətinlik yaranıb.
Daxil olan məlumata görə, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununa və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (0 cümlədən, zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”nın və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARIna müvafiq olaraq şəkərli diabet xəstələrinə müvafiq sahə poliklinikaları tərəfindən pulsuz verilməli olan Qanda şəkəri təyin etmək üçün vizual test-çubuqları artıq 2 aydan çoxdur ki verilmir.
Məsələ ilə bağlı Bakı şəhərlərində yerləşən bir neçə poliklinikalarla əlaqə saxladıq. Onlar da faktı təsdiqləyərək bildirdilər ki, dərman vasitələri ilə təminatda ciddi problem yoxdur. Problem özünənəzarət (qanda şəkərin miqdarını müəyyən etmək üçün vizual test çubuqları və s.) vasitələrinin təminatında baş verir. Sumqayıt şəhərində yerləşən poliklinikalarda isə, hər iki sözügedən vasitələrin təminatında problem yaşanır.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq bildirildi ki, mart ayından etibarən müvafiq qanun və qərarların icrası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə həvalə edilib və agentliyə müraciət olunması tövsiyə edildi. Proqramın icrası İTSDA-ə verilməmişdən əvvəl fevral ayı üçün müvafiq sahə poliklinikaların dərman təminatı Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən niyə həyata keçirilməyib sualımız isə cavabsız qaldı. Yəqin ki, məsələdə qaranlıq məqamlar mövcuddur…
Problemlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən “İNFONEWS”-a verilən məlumata görə,
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) “Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin qeydiyyatında olan şəkərli diabet xəstələrinin müvafiq dərman preparatları ilə təmin olunmasını 2022-ci ilin mart ayından etibarən icra edir. Diqqətə çatdıraq ki, bu zamana qədər sözügedən dərman təminatı Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən həyata keçirilirdi.
Agentlik tərəfindən tibb müəssisələrindən qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı ilə bağlı məlumat əldə olunmuş və müvafiq dərman preparatlarının satınalınması ilə bağlı açıq tender keçirilmişdir. Tenderin qalibi olan şirkət tərəfindən dövlət tibb müəssisələrinə dərman preparatlarının çatdırılması prosesinə başlanılıb. Hazırda dövlət tibb müəssisələrinin şəkərli diabetlə bağlı dərman preparatları ilə təminatı həyata keçirilir.
Diqqətə çatdıraq ki, Agentlik hazırda qeydiyyatda olan şəkərli diabet xəstələri ilə yanaşı bu ilin sonuna qədər yeni qeydiyyata alınacaq xəstələrin də ehtimal olunan ehtiyacını nəzərə alaraq tender keçirmişdir.
Özünənəzarət vasitələrinin təminatında yaranan problemə gəlincə isə qurumdan bildirildi ki,
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) “Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin qeydiyyatında olan şəkərli diabet xəstələrinin Qlyukometr üçün strip “U-Right TD-267” N25 (qanda şəkərin miqdarını müəyyən etmək üçün vizual test çubuqları və s.) vasitələri ilə təmin olunmasını 2022-ci ilin mart ayından etibarən icra edir. Diqqətə çatdıraq ki, bu zamana qədər sözügedən dərman təminatı Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən həyata keçirilirdi.
Agentlik tərəfindən “Şəkərli diabet xəstələri üçün ləvazimat və sərfiyyat mallarının satın alınması” ilə bağlı tender keçirilib və tenderdə qalib gələn şirkət ləvazimat və sərfiyyat mallarının müvafiq tibb müəssisələrinə çatdırılması prosesini həyata keçirir.
Məsələyə operativ şəkildə münasibət bildirdiklərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təşəkkür edirik. İnanırıq ki, problem yaxın vaxtlarda aradan qaldırılacaqdır.