Bakı Novruz Bayramına necə hazırlaşır? – FOTOREPORTAJ
“İNFONEWS” təqdim edir.
Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar elə həmçinin azərilər də yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd edib, şənliklər keçiriblər.
Novruz bayramının da digər bayramlar kimi özünəməxsus adət-ənənələri mövcuddur. Bu bayramda küsülülər barışar, tonqal qalanar, torba atılar, gənc qızlar fallar edər və s. Hətta bu bayramlar öz rəngarəngliyi və şənlikləri ilə seçilir. Hər il bayramda Bakı şəhəri də Novruz abu-havasında bəzənir və müxtəlif tədbirlər, tamaşalar keçirilir. Bəs bu il paytaxımızda Novruzla əlaqədar olaraq nə kimi tədbirlər görülüb? Şəhərin bəzədilməsində hansı yeniliklərdən istifadə olunur? Mövzu ilə əlaqədar olaraq paytaxın şəhər mərkəzlərini gəzib, reportaj etdik.
Öncə şəhərimizin mərkəzi sayılan və çox insanın sevimli məkanlarından biri olan Dənizkənarı Milli Parka yollandıq. Hər bir bayrama bu ərazi özünəməxsus şəkildə hazırlaşır. Hazırda fotolardan da gördüyünüz kimi Dənizkənarı Bulvarda Novruz bayramı ilə əlaqədar olaraq tədbirlər görülür. Ərazinin müxətlif yerlərində səmənilər və rəngarəng bayram atributları qoyulub. Yol kənarında isə çərşənbələrimizi əks etdirən və 4 ünsürlə bağlı olan milli geyimli qızların heykəlləri qoyulub.
Bunlarla yanaşı işçilər ağaclardan lentlər asır, oturacaqların və zibil qutularının rəng örtükləri yeniləyir və torpağı, eyni zamanda dibçəkləri təmizləyərək güllər əkirlər. Həmçinin Dənizkənarı Bulvarın tam mərkəzində bayram şənliklərinin keçirilməsi məqsədi ilə Novruz yarmarkası yaradılıb. Yarmarkada müxtəlif rəngdə yumurtalar, tonqal, stendlər və milli ornomentlərdən ibarət heykəllər qoyulub. Aldığımız məlumata görə, yaxın günlərdə yarmarka insanların istifadəsinə veriləcək.
Daha sonra gözəlliyi və şöhrəti ilə tanınan Azərbaycanın ən qədim məkanlarından biri olan İçərişəhərə üz tutduq. Hər birimizin bildiyi kimi İçərşəhərdə hər zaman milli dəyərlərimizi əks etdirən əşyaların satıldığı mağazalar çoxluq təşkil edir. Paytaxtımıza gələn turistlərin ən sevimli yerlərindən biri olan Qız qalası, Qoşaqala qapısı və qədimi küçələr məhz buradadır. İçərişəhərdə də bayram abu-havasını hiss etmək olurdu. Qız qalasının yanında rənginin al-əlvanlığı və üzərində Novruzu əks etdirən atributlarla seçilən səməni diqqətimi cəlb etdi.
Bu ərazidə də, bayram üçün hazırlıq işləri görülür, güllər əkilir və küçələr təmizlənirdi. Həmçinin İçərişəhərdə yerləşən qədimi əşyalar satan mağazalarda olan milli geyimlər, araxçınlar da göz oxşayırdı.
Paytaxda Novruz bayramını tamlıqla əks etdirən məkan isə “Fəvvarələr Meydanın”da yerləşən və Nərgiz Fondu tərəfindən həyata keçirilən “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasıdır. Buraya daxil olarkən insan özünü tamamilə bayram abu-havasında hiss edir.
Yarmarkada bir-birindən maraqlı və insanların boş vaxtlarını səmərəli keçirməsi üçün oyunlar təşkil olunub. Həmçinin müxtəlif yemək stendləri, şirniyyatlar, çin mətbəxinə aid olan yeməklər, Gəncə kətəsi və müxtəlif qiymətə çay, kofe də satılır, musiqilər səsləndirilir və bayram günlərində müxtəlif müğənnilərin iştirakı ilə konsertlər təşkil olunacaq.
“Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında bayramı əks etdirən maraqlı səmənilər, tonqal, bayram yumurtaları və şirniyyatların maketləri qoyulub. Bir sözlə əgər Novruz bayramının sevincini və baharın gəlişini hiss etmək istəyirsinizsə mütləq bu məkana yollanın.
Xətai rayonunda yerləşən parklardan birində özünəməxsusluğu ilə seçilən və əl işləməsi olan səməni ilk baxışdan insanı özünə cəlb edirdi. Hətta deyərdim ki, ona yaxından baxdıqda üzərində toxunma effekti olan kaktusa oxşar bir səməninin olduğunu görürük. Ətrafında Novruz bayramını əks etdirən min bir neymətdən ibarət maketlər də var idi.
Reportajı hazırladı: Banuçiçək Hüseynli