#QarabağTarixiSənədlərdə həştaqlı bu layihə qısa zaman kəsiyində sosial şəbəkə izləyicilərinin diqqətini çəkib, maraqlı müzakirələrə səbəb olub.
“İNFONEWS” komandası olaraq, biz də maraqlandıq. Layihənin rəhbəri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 24/7 kitabxanasının müdiri Arzu Məmmədova ilə həmsöhbət olduq.
Arzu xanımla müsahibəmizi təqdim edirik: “Layihəyə II Qarabağ müharibəsi dövründə start verdik. Düşünürdük ki, bu layihəmizlə erməni saxtakarlığını ifşa etmək və Qarabağ həqiqətlərini dünyaya çatdırmaq kimi haqq işinə bizim də bir qatqımız olsun. “Qarabağ tarixi sənədlərdə” layihəsinin məqsədi mövcud informasiya savaşında ermənilərin Azərbaycan tarixinə, Qarabağ tarixinə kölgə salan yalançı, saxta tarixi məlumatlarına dürüst tarixi sənədlər, mənbələrlə qarşı çıxmaqdır. Əldə edilmiş materialları həm originalda, həm türk, rus və ingilis dillərindən Azərbaycan dilinə çevirərək təqdim etməkdir. Ermənilərə qarşı 1915-ci ildə soyqırımını olmadığını sübut edən Rusiyanın Dövlət Arxivlərindən toplanılmış sənədlər, İvan Şopenin kitablarından seçmələr, Sergey Qlinkanın qeydləri “Ermənilərin Azərbaycana köçürülməsinə dair”, G.Th.Koppelin Şuşanın 1824-cü ildəki əhalisi haqqında (George Thomas Keppel, “Personal narrative of a journey from India to England”)
və bu kimi istinad sənədləri olmaqla, 14 buraxılış hazırlanıb izləyicilərə təqdim edilib.
Eləcə də UNEC müəllimi, siyasi fənlər üzrə fəlsəfə doktoru Pərviz Səmədovun Basarkeçərin adının 1969-cu ildən sonra ermənilər tərəfindən Vardenis olaraq dəyişdirilməsi və bunu təqdiqləyən sənədlər, həmçinin 1960-ci ildə “Sovet Ermənistanı” qəzetində dünyada ermənilərin sayı haqqında Ermənistan SSR Statistika Komitəsinin məlumatına istinadən nəşr edilən məqalə ilə layihəmizə dəstəq verməsi l#QarabağTarixiSənədlərdə-nin reytinqini olduqca artırdı. Bunu da qeyd etməliyəm ki, sözü gedən məqalədə göstərilən dünya ermənilərin sayı ilə şişirdilmiş soyqırım rəqəmləri arasında ziddiyyət təşkil etdiyindən qəzetin bu sayı Ermənistanın şovinist rəhbərlərinin tapşırığı ilə dərhal arxivlərdən gizli toplanaraq yandırılmışdır və əlimizdəki sənəd nadir nüsxə sayılır.”
Arzu Məmmədova fürsətdən istifadə edib, bu layihəyə dəstək olan hər bir kəsə, xüsusilədə UNEC kollektivinə və universitetdə yaradılmış “UNEC Könüllüləri” Təşkilatına öz təşəkkürünü bildirdi.
Biz də öz növbəmizdə Arzu Məmmədovaya dərin minnətdarlığımızı bildirir, fədakarcasına yorulmadan gördüyü işlərdə bolluca uğurlar arzu edirik.