“ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi – Aynur Ələkbərova
“İNFONEWS” -da “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi davam edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin Tələbə Elmi Klubunun təşəbbüsü və təşkilatçılığı və “İNFONEWS” İnformasiya Agentliyinin media dəstəyi ilə “Aprel döyüşləri – bizi Zəfərə aparan yolun ilk addımı, Azərbaycanın Milli Qəhrəmanlıq Tarixinin ən əsas səhifəsidir” mövzusuna həsr edilən “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!” esse müsabiqəsi davam edir.
Layihə rəhbəri ÜFTTD- nin Tələbə Elmi Klununun sədri “Humanitar fənlər” kafedrasının baş müəllimi tar.ü.f.d. Cəmilə Həsənova UNEC “Maliyyə və Mühasibat” fakültəsinin I kurs, 430 qrup tələbəsi Aynur Mübariz qızı Ələkbərovanın essesini təqdim edir.
*******
Vətənə olan sevgi Anaya olan sevgi ilə bir tutulur. Ana Vətən anlayışı da bu sevgidən yaranır. İnsan bir ailədə doğulsa da, Vətən torpağında böyüyüb boya-başa çatır, suyu və havası ilə qidalanır. Bunun üçün də onu müdafiə etməyə və qorumağa hər zaman borcludur. Tarixi qəhrəmanlıq ənənələrini qoruyan oğullarımız döyüş meydanında düşməni 44 günə darmadağın edərək tarix yazdı. Ali Baş Komandanın rəhbərliyi altında, xalqın dəstəyindən güc alan mərd oğullarımız qısa müddət ərzində tarixi torpaqlarımızı işğaldan azad etdilər.
Bu döyüşlərdə şəhadətə yüksələnlər də oldu. Bu gün müqəddəs amal uğrunda şəhadətə yüksələn oğullarımızın ruhu rahatdır. Onların hər biri Böyük Qələbənin həsrətində idi. Tarixi torpaqlarımız düşməndən təmizlənib, o torpağın əsl sahibləri yurdlarına qayıdacaqlar.
Müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda savaşan, xalqının firavanlığı üçün canını qurban verən şəhidlərimizin xatirəsini hər zaman anmağa borcluyuq.
Döyüşlərdə mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənin bölünməzliyinə imza atdılar.
Yalnız bu yolda canından keçməyi bacaran qəhrəmanlar yetirən xalqın şəhidi olur. Azərbaycan yenilməz, mübariz xalq olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanəti ilə də təsdiqləyir. Vətən uğrunda mübarizə aparmış öyünüləsi, fəxr ediləsi qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarix…
Onlar ömürlərini Vətənin azadlığı, yurdun abadlığı və millətimizin rifahı üçün fəda ediblər. Şəhidlərimizin hər birinin adı tarixə qızıl hərflərlə yazılıb. Gələcək nəsil üçün misilsiz qəhrəmanlıq örnəyidir şəhidlərimiz. Şəhidlik elə bir mötəbər zirvədir ki, hər kəs o zirvədə olmaq istəsə də, yalnız seçilmiş bəndələrə o məqam qismət olur.
Xalqımız Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş hər bir şəhidimizin xatirəsini daim uca tutur. Azərbaycan əsgəri hər zaman Ana Vətənimiz qarşısında öz övladlıq borcunu layiqincə yerinə yetirməyi bacarıb. Minlərlə şəhid vermiş yurdumuzun tarixi də şəhidlərimizin qanıyla yazılıb. Özündən sonra şərəfli adını tarixə həkk edən hər bir oğlumuz qəhrəmanlıq ənənələrimizi qorumaqla öz ata-babalarının tarixi qəhrəmanlıq yolunu getmişdir.
Şəhidlərimizi heç vaxt unutmamalıyıq. Çünki onlar bizim bu gün azad yaşamağımız üçün canlarını fəda ediblər. Bir Azərbaycan gənci olaraq,biz hər zaman şəhidimizin adını uca tutmalıyıq,çünki bu bizim vətəndaşlıq borcumuzdur.Uzun illərdir işğal altında olan Qarabağımız mənfur düşməndən azad edildi. Bizə bu qələbəni yaşadan şəhidlərimizdir.
Ədaləti bərqərar edən son döyüşü Qələbə ilə taclandıran Azərbaycan Ordusu tarixin səhifələrini yenilədi. 44 günlük Vətən müharibəsi zamanı ömrünün çiçəklənən dövründə ən yüksək məqama – şəhidlik zirvəsinə yüksələn oğullarımız haqqında nə qədər danışsaq azdır. Çünki bu gün hər birimiz firavan həyat sürürüksə, bu, şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsindədir. Onların hər birinin adı daim qəlbimizdə yaşayacaq. Bizə bu Zəfəri yaşadan şəhidlərimizi ən səmimi duyğularla yad edirik.
Şəhidlər ölməz, Vətən bölünməz!