Tarixi Zığ kəndindən- FOTOREPORTAJ

Tarixi Zığ kəndindən- FOTOREPORTAJ

İNFONEWS təqdim edir.

Zığ kəndi Abşeron yarımadasının cənubi-qərbində,  Bakı şəhərinin yaxınlığında yerləşir. Zığı şimaldan Suraxanı və Yeni Günəşli massivi, qərbdən Xətai rayonu, cənubdan Xəzər dənizi, şərqdən isə Hövsan qəsəbəsi əhatə edir. Toponimin mənşəyi dəqiq açılmasa da, həm yazıçı Abbasqulu Ağa Bakıxanov, həm də tarixçi Sara Aşurbəyli kəndin adını zığ tayfaları ilə bağlayırlar. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Abşeron yarımadasında Zığ adlanan ərazisində yaşayan sakinlər Sərmat qəbiləsinin Zığ tayfasına mənsubdurlar.

Duzlu gölün yaxınlığında, kiçik bir dağın məskən salan Zıx tayfası öz dövrünün  mühüm tələbatı olan daş və duz karxanalarını əldə edir. Camaatın bir qismi karxanalarda çalışır, bir qismi də yük at-arabaları ilə məhsulu başqa şəhər və vilayətlərə aparıb satır. Bu tayfanın camaatı İmam Rzanın bacısı Hökümə xanımın Azərbaycana gəlişindən xəbər tutub və onun xidmətində durublar. Xanım dünyasını dəyişdikdən sonra məzarının üstündə abadlıq işləri görmüşlər. Hülaki xanın nəvəsi Arqun ağanın oğlu Qazan xan 1297-ci ildə Bakıya gəlişində xanımın məzarının üstündə məqbərə tikdirir. Zığ camaatı məqbərənin tikintisində yaxından iştirak edərək, öz mallarından bir qismini məqbərənin idarəçiliyi üçün vəqf edirlər. Şirvanşah I Xəlilüllah əmlakının bir qismini Zığ kəndi daxil olmaqla xanımın məqbərəsinə vəqf edərək Zığ camaatını vergidən azad edib.

Əli süfrəsi adı ilə ehsan məclisi qurmaq ənənəsi o dövrdən bu camaat arasında məşhurdur. Digər mənbələrdə isə Zığ qəbiləsinin Alan masketlərindən olduğu bildirilir. “Alan” dağlı deməkdr.  Masketlər isə Yafəsin oğlu Məshəq nəslindəndir. Yafəs Nuh Peyğənbərin oğludur.

Zığ kəndi 1936-cı ildə 350 təsərrüfatdan ibarət olub və həmin ildən qəsəbə statusu alıb.

Zığın ərazisi təxminən 1000 hektar təşkil edir. Əhalisinin sayı 15 minə yaxındır.

Qəsəbədə 4 orta məktəb, 2 ambulatoriya, 3 poçt, 2 baxça, 1 vərəm dispanseri, 1 poliklinka fəaliyyət göstərir.  Zığ kəndinin ərazisi əvvəllər çox böyük olub. Sonralar kəndin ərazisini “Dədə Qorqud” yaşayış sahəsi, “Bahar” bağ massivi, “Qum adası” bağ evləri, Zığ bağlarına bölüblər.

Zığda qədim abidələr kəndin tarixi keçmişini uzaqlara aparır. Kənddə “Əli qədəmgahı” deyilən ziyarətgah yerləşir. Ziyarətgahın içində at nalının izi var. Rəvayətə görə, Məhəmməd Peyğəmbər (s.ə.v.) buradan atla keçəndə atının nal izi həmin yerə düşür. Deyilənlərə görə, bu müqəddəs qədəmgah usta Əli tərəfindən inşa olunub: “Kənd sakinləri öz vəsaiti hesabına qədəmgahın ərazisində xeyli abadlıq işləri görüb, xanımlar üçün Hüseyniyyə tikilib, ziyarətgaha gələn yol abadlaşdırılıb. Çünki bura xarici ölkələrdən, əsasən də İrandan ziyarətə gələnlər olur. Ziyarətgahda ”Qoç daşı” adlanan heykəllərin biri günümüzə gəlib çatsa da digərini İçərişəhər qoruğuna aparıblar”.

Kəndin digər məşhur “İslam” məscidinin tikilmə tarixi bəlli deyil. Məscidin həyətində yaşı 140-a yaxın olan tut ağacı var. Nə yazıq ki, ibadətgah istifadə üçün yararsız vəziyyətdədir.

Kənddə qədim türbə və sərdabələr də var. Türbələrin birində 12 qəbir bu günə qədər qalır. Bu qəbirlərdə yatanların Şah Abbasın nəslindən olduğu deyilir. Kəndlilər isə türbələrin dağılıb getməsindən narazılığını ifadə edirlər. Zığda yaşı və adı qeyri-müəyyən olan bir hamam da qalıb. Hazırda uçuq vəziyyətdə olan hamamı kənd sakini Əmir Aslan tikdirib. Tarixi abidələr siyahısına “Ovdan” bulağını da əlavə etmək olar. XVII əsrə aid “Ovdan” bulağı Zığın mərkəzində yerləşir. İndinin özündə də əhali bulağın suyundan istifadə edir.

Zığda ürəyin istəyən qədər qədim ev görmək olar. Kənd sakinləri bu evlərin 300-ə yaxın yaşının olduğunu iddia edir. Köhnə evlərin əksəriyyəti qəzalı vəziyyətdədir. Kənddəki qədim evlərdən biri məşhur “Qanun naminə” (“Mehman”) filminin çəkildiyi poliqon olub. Hazırda mənzil uçuq-sökük vəziyyətdədir. Bu məşhur evin sahibi kənd sakini Xuraman nənə və Cənnət baba olub. Burda onların nəvəsi Natiq Məmmədov yaşayır. “Qanun naminə” filmi çəkildikdən sonra həmin evdə başqa filmlərin çəkilməsi üçün də onlara müraciət edənlər olub. Ancaq ev sakinləri razı olmayıb.

Sözügedən şəkili sizə təqdm edirik:

 

Fariz Faiqoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir