Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir
Mayın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə keçirilən kompleks məşqlərdə iştirak edib.
Səhra idarəetmə məntəqələrində məşqlərin təşkili və gedişatı ilə maraqlanan müdafiə nazirinə bölmələrin sərəncamındakı müasir rabitə avadanlıqları təqdim edilib.
Müdafiə Nazirliyindən “İNFONEWS”-a verilən məlumata görə, məruzə olunub ki, məşqlərdə vahid rabitə sisteminin təşkili, eləcə də radioelektron mübarizə tədbirləri üzrə tapşırıqlar uğurla icra edilir.
General-polkovnik Z.Həsənov qoşun növlərinin komanda-idarəetmə məntəqələri, həmçinin azad edilmiş ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayaraq məruzələri dinləyib.
Məşqlərin gedişatını müsbət qiymətləndirən nazir rabitə hissə və bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, qoşunlar arasında vahid rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkilinin vacibliyini xüsusi qeyd edib.