Orta əsrlərin ən qorxunc ənənələrindən: “Ər-arvad duelləri”
“İNFONEWS” təqdim edir.
Orta əsrlər alman ənənələri öz qəribəliyi ilə bu gün də maraq doğurur. Hətta müasir dünyamızda bəzi ənənələrin anlayışla qəbul etməsi çətindir ki, bunlardan biri – “Ər-arvad duelləri”dir. Ər ilə arvadın əlbəyaxa ölümcül mübarizəsini, onların bir-birinə qarşı nümayiş etdirdikləri aqressiyanı izləmək olduqca qorxuncdur desək yanılmarıq.
XVI əsrin ortalarına qədər Alman knyazlıqlarında yayılmış “Ər-arvad duelləri”nin yalnız almanlara məxsus olması sübut edilib. Bu məhkəmə üsulu nə Şərqdə, nə Yunanıstanda, nə Romada, hətta İngilis-sakson qanunvericiliyində də qeydə alınmayıb.
“Ər-arvad duelləri”ndə, bir qayda olaraq, ailədəki hər cür məişət ixtilafları, məsələn, yuyulmamış qab-qacaqdan tutmuş, xəyanət qədər ciddi məsələlər yer alırdı. Duelə hazırlıq üçün bir-iki ay vaxt verilirdi. Bu müddət ərzində ər-arvad barışmaq hüququna malik idi. Əks halda xüsusi meydança hazırlanırdı, onun mərkəzində yarım metr dərinlikdə çuxur qazılırdı. Duel zamanı kişi bu çuxura düşməli və oranı əmr verilənə kimi tərk etməməliydi. Eləcə də güclərin bərabər, mübarizənin daha ədalətli olması üçün kişilərin bir əli ya qarşıda, ya da arxada bağlı saxlanılırdı. Yəni, ər yalnız çuxurda və yalnız bir əllə döyüşə bilərdi. Qadının hər iki əli açıq olurdu və onlar mübarizə zamanı daş, taxta çubuq kimi yüngül silahlardan da istifadə edə bilirdilər. Qeyd edək ki, kişi çuxurun kənarına toxuna bilməzdi, belə olduğu halda silahı əlindən alınırdı.
Duel geyimləri qadınlarda fərqli idi. Onlar ayaqlarının arasından burulub bağlanmış uzun köynək geyinərdilər. Köynəyin sağ qoluna çay daşı qoyub, onu da bağlayardılar ki, bu da mübarizə zamanı bir daha silah kimi istifadə edilirdi. Kişilərə qoyulan məhdudiyyətlərə baxmayaraq, əksər duellər ərlərin üstünlüyü, qalibiyyəti ilə başa çatırdı.
Lakin xanımların qalib gəldiyi duellər də az olmayıb. Bəzən duelin sonunda qalib arvad ərini çuxurdan çıxarar, bununla da həyat yoldaşı ilə barışdığını, hirsinin soyuduğunu nümayiş etdirərmiş. Hərçənd duelin nəticəsi dəyişməz qalırdı. Dueldə məğlub olan ər edam edilir, arvad isə diri-diri torpağa basdırılırmış.
Ailə içində ər ilə arvad arasında nə qədər böyük nifrət hissi, bir-birini ittiham edən agrılı səbəblər olmalıymış ki, belə bir qorxunc addım atmağa qərar vermiş olsunlar…