Ölümdən sonra RƏQƏMSAL HƏYAT, yaxud ALLAH MÜBARƏK ELƏSİN!

Ölümdən sonra RƏQƏMSAL HƏYAT, yaxud ALLAH MÜBARƏK ELƏSİN!

“İNFONEWS” təqdim edir.

Təsəvvür edin ki, gündəlik ünsiyyətdə olduğunuz, davamlı bir-birinizə SMS yazıb mesajlaşdığınız yaxın dostunuz qəfldən vəfat edir. Bu acı xəbəri yaşasanız da, ən ağrılı tərəfi onun yoxluğu və onunla bundan sonra bir daha danışa, fikirlərinizi bölüşə bilməyəcəyiniz faktdır. İlk günlərdə əvvəllər olduğu kimi dostunuza mesaj yazmaq vərdişi Sizi incidəcəkdir. Lakin sonra telefonu götürüb,  ona “Mən sənin üçün darıxıram” yazırsınız. Və… dostunuzdan “Mən də sənin üçün darıxıram” cavabı gəlir. Siz yazışmağa davam edirsiniz. Sanki o, heç vaxt ölməyib.

Artıq keçən ildən neyrobioloqlar və filosoflar maraqlı bir ideya üzərində çalışırlar. Belə ki, dünyasını dəyişmiş nənənin rəqəmsal dublikatını hazırlamaq və bayram, özəl ailə günlərində, yığıncaqlarında bir növ virtual məkanda onunla Skype və ya digər bir proqram üzərindən qohumları, nəvələri, doğmaları ilэ danışmaq imkanını yaratmaqdır. Amma Rayerson Universiteti, “MİT Media Lab”-in əməkdaşı Hossein Rahnama bu ideyanı inkişaf etdirib, xəyali insan dublikatlarından daha real bir şey olan – şəxsi məlumatların toplanması əsasında çat-botların yaradılması üzərində işləyir.

“İnsanın rəqəmsal eyniliyini (rəqəmsal oxşarını) yaratmaq üçün onun 50 və ya 60 il ərzində həmin insan haqqında məlumatların (təxmini 1 trilyon qiqabayt tutumlu) toplanması vacibdir, xüsusilə də həyatındakı ən özəl anları vurğulamaq şərti ilə” – deyə, Rahnama qeyd edir.

Hər bir insanın rəqəmsal arxivinə, məsələn, e-maili, sosial şəbəkələrdəki statusları, tvit və hətta snepçatlarına əsaslanaraq Rahnamanın “Əbədiyyətə əlavələr” adlandırdığı İT proqramı haqqında deyir ki, bu proqram özündə dil nümunələrini, standart danışıq ifadələrini və s. toplayıb, yeni informasiya emal edə bilən süni beyin modellərinin neyron şəbəkələri hazırlayır. Neyron şəbəkənin müstəqil şəkildə “düşünmək” qabiliyyəti sayəsində, “insan fiziki olaraq həyatdan köçəndən sonra o, rəqəmsal varlıq kimi yaşamağa davam edir”. Beləliklə, ölümündən sonra da “əlavələr” botunun cari hadisələrlə məlumatlanması, yeni fikirlər hazırlaması, insanın ölüm anındakı kimi qalmayıb, gerçək insana əsaslanan bir varlığa çevrilməsi nəzərdə tutulub.

Beləliklə, Hossein Rahnamanın araşdırmaları və tədqiqat işləri hazırda da davam edir.

Qeyd edək ki, bu istiqamətdə bir çoxları maraqlı layihələr və təkliflər, hətta nəticəli işlər üzərində çalışırlar.

Lakin hər bir mövzunun etik tərəfləri olduğu kimi, burada da həssas məqamlar çoxdur. Bir tərəfdən əzizini itirmiş insanın yoxluğunu qəbul edib, xatirələri ilə yaşamaq, digər tərəfdən isə onun həmişə yanında olmasına inanıb, bu kimi proqramlar vasitəsilə təskinlik tapıb, qaldığı yerdən həyata davam etmək. Bir tərəfdə dindən gələn inanclar, digər tərəfdən isə müasir dövrün tələblərinə cavab verən innovasiyaların gündəmə gətirilməsi, tətbiqi…

Nə qədər etik çərçivədə yazmağa çalışsam da, bir anlıq göz önümdə rəhmətə gedənin öz dəfn, yaxud anım mərasimlərində bu proqramlar vasitəsi ilə iştirak etməyini canlandırdım. Bilmədim gülüm, yoxsa ağlayım…

Bir sözlə, yenilikləri qəbul etmək seçimi yenə də insanların üzərinə düşəcəkdir.

Arzu Məmmədqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir