“Yaponiya-Azərbaycan dostluq ili” – Yapon şirniyyatları
“İNFONEWS” xəbər verir.
İyunun 19-da Yaponiyanın Azərbaycandakı səfirliyi ənənəvi yapon şirniyyat növü olan moçinin hazırlanması və müxtəlif maraqlı fiqurlar halında təqdim olunması ilə bağlı bu ölkədən gələn şirniyyat ustası tərəfindən təlim və təqdimat keçirib.
Təlimin əsas məqsədi Azərbaycanda Yaponiyanın ənənəvi şirniyyat növünün təqdimatı, yapon qənnadı məmulatları ilə tanışlıq olub. Təqdimat 2022-ci il “Yaponiya-Azərbaycan dostluq ili” çərçivəsində həyata keçirilib.
Tədbir Yaponiyanın Osaka şəhərinin Sakai rayonunda 90 ildən çoxdur fəaliyyət göstərən məşhur “Housen Şirniyyat” mağazasının əsas şirniyyat ustası Takayuki Maedanın təqdimatında təşkil edilib.
Qeyd edək ki, T.Maeda indiyədək Koreya, Sinqapur, Vyetnam və digər xarici ölkələrdə yapon şirniyyatının hazırlanması tədbirləri həyata keçirib və bu sahədə təcrübəyə malikdir. O, ənənəvi yapon şirniyyatlarını hazırlamaqdan əlavə, onların gözəl və maraqlı fiqur halına salınması, müxtəlif cizgi filmləri personajlarının təsvir olunduğu şirniyyatlar hazırlamaq üzrə xüsusilə məşhurdur.
Nümayiş zamanı “Yaponiya-Azərbaycan dostluq ili”ni təsvir edən xüsusi şirniyyat dekorasiyası da təqdim olunub.
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi də iştirak edib.