Malik Həsənov: Azərbaycan gələcəyə daha inamla addımlamaq üçün böyük potensiala malikdir
“İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə bir daha ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlara və onların fonunda müəyyənləşdirilən prioritetlərə işıq saldı. Azərbaycanın xarici siyasət uğurlarından geniş bəhs edən ölkə Prezidenti İlham Əliyev diqqəti istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizin inkişafına, ölkəmizin artan roluna yönəltdi. Reallıq budur ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. 120 üzvü sıralarında birləşdirən Qoşulmama Hərəkatındakı uğurlarımız xüsusi olaraq qeyd olunmalıdır. Quruma üzv dövlətlərin yekdil qərarı əsasında Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması ölkəmizin beynəlxalq nüfuzunun, ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinə dəstəyin nəticəsidir. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına davamlı töhfələr verir. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransı idi. Ölkələr arasında əlaqələrin inkişafında, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunmasında parlamentlərarası münasibətlərin inkişafına xüsusi önəm verən Azərbaycan Qoşulmama Hərəkatının Palament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi və böyük dəstək qazandı. “Azərbaycan öz sözünə sadiq qalan ölkədir” söyləyən dövlət başçısı bu məqamlara da diqqəti yönəltdi ki, Azərbaycanın beynəlxalq aləmdə rolu, göstərdiyi həmrəylik, ehtiyac içərisində olan ölkələrə maddi, humanitar yardımları və sair kimi mühüm addımlar ölkəmizin nüfuzunun artmasında mühüm rol oynayır. 2019-cu ilin sonlarından dünyanı cənginə alan COVID-lə mübarizədə ölkəmizin daxildə, həmçinin beynəlxalq aləmdə həyata keçirdiyi tədbirlərə, irəli sürdüyü təşəbbüslərə, ən əsası bununla bağlı 80-dən çox ölkəyə maddi və humanitar dəstəyinə diqqət yetirmək kifayətdir. Bu uğurlarımız təsdiqləyir ki, hər zaman ədaləti və beynəlxalq hüququ dəstəkləyən Azərbaycan müstəqil siyasətinin uğurlarını yaşayır və gələcəyə daha inamla addımlamaq üçün böyük potensiala malikdir”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov “İNFONEWS”-a bildirib.
Malik Həsənov vurğulayıb ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafından bəhs edərkən Avropa İttifaqı ilə münasibətlərimizi xüsusi qeyd etməliyik: “Ölkə Prezidenti müşavirədə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı aparılan geniş müzakirələrə diqqəti yönəltdi. Tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövrdə Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması istiqamətində göstərdiyi səylər göz önündədir. Qurum Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlıdır.”
Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda əməkdaşlığın dünənindən, bu günündən və perspektivlərdən geniş bəhs edən millət vəkili iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını xüsusi qeyd edib: “Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin mətbuata bəyanatları Azərbaycanla qurum arasında əlaqələrin inkişaf səviyyəsinin aydın mənzərəsini yaratdı. Azərbaycanın təşəbbüsçüsü olduğu enerji layihələri Avropa İttifaqı və ona üzv olan dövlətlər tərəfindən daim böyük dəstək qazanıb. Ölkəmizin uğurla başa çatdırdığı enerji layihələri dünyanın enerji xəritəsini tamamilə dəyişib. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində öz sözünü deyir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında imzalanan sənədi Avropa İttifaqı ilə əlaqələrimizin inkişafında yol xəritəsi kimi dəyərləndirdi. O da məlumdur ki, 2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanmışdır”.
Malik Həsənov ölkə Prezidentinin mətbuata bəyanatında yer alan bu məqama da xüsusi diqqət yönəldib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlanılıb: “Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Azərbaycan malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etməklə həm dayanıqlı inkişafını təmin edir, eyni zamanda, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Məhz uğurlarımız bu reallığı da təsdiqləyir ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır.”
Millət vəkili Azərbaycanın iqtisadi qüdrətinin, maliyyə imkanlarının artması fonunda ordu quruculuğu sahəsində atılan davamlı addımlardan da bəhs edib: “Tarixi Zəfərimizdən sonra ölkəmizin digər sahələr kimi ordu quruculuğunda atdığı addımları davamlıdır. Ölkəmizin hərbi xərcləri artırılır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan bir daha bu çağırışı etdi ki, nə qədər lazımdırsa, o qədər də artıracağıq: “Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək.”
“Göründüyü kimi, hər zaman olduğu kimi, bu gün də Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti öz sözünü deyir. Bu günümüzün əsas məsələsi olan tarixi Zəfərimizin reallıqları dünya gücləri tərəfindən dəstəklənir, qəbul olunur və fəaliyyətlərini bu istiqamətdə qururlar. Azərbaycana hazırda beynəlxalq dəstək yüksək səviyyədədir. Digər tərəfdən ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmlənir. Bu ilin 6 ayının sosial-iqtisadi göstəriciləri bunu bir daha təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin müşavirədəki giriş və yekun nitqi Ermənistana, ona havadarlıq edən dövlətlərə mesajları da özündə ehtiva edir. Əsas məsələ Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn tələblərin Ermənistan tərəfindən yerinə yetirilməsidir. Ermənistana bir daha xəbərdarlıq edildi ki, əgər zərərli meyillərin qarşısı alınmasa, bir gün bunun fəsadı ola bilər. Biz bunu istəmirik, biz sülh istəyirik” , – deyə Malik Həsənov bildirib.