“SABAH” Qrupları tələbələrinin sayının 5 dəfə artırılmasını hədəf kimi qarşıya qoymuşuq” – NAZİR
İyulun 27-də təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı brifinqi keçirilib.
“İNFONEWS” xəbər verir ki, brifinqdə Strategiyanın təhsil istiqamətlərinə toxunan Emin Əmrullayev bu çərçivədə görüləcək işləri, qarşıya qoyulan hədəfləri diqqətə çatdırıb. Nazir bildirib ki, Strategiyaya əsasən, 2022-2026-cı illər ərzində beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsi genişləndiriləcək, dövrün sonunadək 4 əlavə ikili diplom proqramının icrasına başlanılacaq. Elmi potensialın gücləndirilməsi sahəsində təşviq mexanizmlərinin formalaşdırılacağını, elmi tədqiqatların artırılacağını və qlobal elmi məkana inteqrasiya olunacağını vurğulayan Emin Əmrullayev həmçinin, iki ali təhsil müəssisəsinin elmi-tədqiqat universitetinə çevriləcəyini də deyib.
“Hal-hazırda SABAH qrupları özünü çox doğruldur. Biz bu qrupların həm işlə təminatında, həm də məzun olduqdan sonra təhsilini davam etdirməsi istiqamətində əsaslı müsbət fərqləri görürük” – nazir vurğulayaraq, Strategiya çərçivəsində yeni məzmunlu proqramların əhatə dairəsi və keyfiyyətinin artırılacağını, “SABAH” Qruplarında təhsil alan tələbələrin sayının 15 min nəfərə çatdırılacağını da qeyd edib.