“Xəzər” Muzey Mərkəzi barədə Siyavuş Əlizadə danışdı
“Xəzər” Muzey Mərkəzi, əsasən, çağdaş Azərbaycan tarixi, Bakı və Abşeron etnoqrafiyası və görkəmli şəxsiyyətlərin irslərinin toplanması, öyrənilməsi və təbliği fonunda formalaşmaqdadır. Muzeyin dəyərli kolleksiyaları tərkibində Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycanın mühacirət tarixinə aid materiallar, ədəbiyyat nümunələri, bonistika, filoteliya, Azərbaycan Milli tikmə sənəti, eləcə də, müxtəlif dövrün məişət əşyaları, siqaret və papiros, həmçinin. məşhur rəssamların əsərləri, eskiz, etüd, qrafika və s. üslübuda işlər öz əksini tapıb.
Bunu “İNFONEWS” – a Sevda Abdullayeva adına “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə bildirib.
Gənc kolleksionerin 22 il ərzində topladığı kolleksiyalardan yaradılmış bu muzey Bakının Şağan qəsəbəsində yerləşir. 12 mindən çox eksponatın toplandığı muzey mərkəzində Əməkdar artist Bəhruz Zeynalov, Xalq rəssamı Mir Nadir Zeynalov, akademik Məşədixanım Nemətova, yazıçı Ələviyyə Babayeva, aktyor Hamlet Xanızadə, şair Bəbir Məmmədzadə, keramist-rəssam Ədalət Bayramlı və digər görkəmli şəxslərin külliyyatı yer alıb.
Qeyd edək ki, muzey mərkəzinin Sevda Abdullayevanın adının daşıması təsadüfi deyil.
“Sevda Abdullayeva Şağan qəsəbəsi 124 saylı orta məktəbin direktoru olmuş, muzeyin yaradılması və gələcəkdə genişləndirilməsi üçün öz həyətyanı sahəsini təmənnasız olaraq hədiyyə etmişdir. Gözəl pedaqoq, nəcib ziyalı Sevda Abdullayevanın adının daşıması 7 dekabr 2021-ci il tarixində muzey mərkəzinin açılışı zamanı elan edilib”, – deyə, Siyavuş Əlizadə vurğulayıb.