“Rolling Stone” nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı

“Rolling Stone” nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı

Amerikada çıxan nüfuzlu “Rolling Stone” jurnalında Ukrayna mənşəli məşhur amerikalı politoloq Taras Kuzionun “Avropada elə kütləvi məzarlıqlar var ki, siz onların haqqında heç vaxt eşitməmisiniz” sərlövhəli məqaləsi dərc edilib.

“İNFONEWS” xəbər verir ki, materialda Ermənistan ordusunun və erməni quldur dəstələrinin azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərdən bəhs edilir.

Məqalədə vurğulanır ki, hələ Puça (Ukrayna) hadisələrindən 30 il əvvəl, Srebrenitsa (Bosniya) qırğınından əvvəl Avropa sərhədlərində indiyə qədər itkin düşmüş hesab edilən minlərlə dinc sakinin kütləvi şəkildə basdırılması üçün böyük qəbirlər qazılıb, bu adamlar. İndi, Azərbaycanın dinc sakinlərinin nəşinin qalıqları aşkar ediləndə Taras Kuzio Puça, Srednitsa, Xocalı faciələrinin dərindən araşdırılması və onlara müvafiq qiymət verilməsi barədə mülahizəlrini bölüşür. Müəllif yazır: “2022-ci il aprelin əvvəlində Ədalət Verdiyev belə bir kədərli kəşf etmiş birinci hərbi mütəxəssis oldu. Azərbaycan Ordusu Qarabağda Fərrux strateji yüksəkliyini tutanda və yaxınlıqdakı qəsəbələri işğaldan azad edəndə kəndlərin birində 20 nəfərin nəşinin qalıqları aşkar edildi. Bu qalıqlar 30 il ərzində orada qalmışdı. Eyni zamanda, onların boş qalmış evlərini ermənilər tutublar. Qarabağ regionunun müxtəlif şəhərlərində, o cümlədən Şuşa, Ağdam, Xocavənd və Füzulidə də belə qalıqlar aşkar edilib. Bu ilin ilk üç ayı ərzində 200 nəfərin nəşinin qalıqları tapılıb”.

Azərbaycan ilə Ermənistan arasında Birinci Qarabağ müharibəsində itkin düşmüş 4.000 azərbaycanlının taleyi indiyə qədər naməlum qalır. Puçada qırğının nəticələri – küçələrə dinc ukraynalıların meyitlərinin səpələnməsi Avropanı və bütün dünyanın sarsıtmışdı, lakin 30 il bundan əvvəl Qarabağda azərbaycanlılara qarşı törədilmiş bu hərbi cinayətlərə nədənsə heç kəs diqqət yetirmədi. Birinci Qarabağ müharibəsində həlak olanların çoxsaylı qoyumları, dostları onların cəsədlərini götürmək imkanından məhrum idilər.

Kuzio daha sonra yazır ki, 1992-ci ilin fevralında Xocalıda törədilmiş qırğın Birinci Qarabağ müharibəsinin kədərli epizodlarından biridir. Bu qırğın nəticəsində erməni silahlıları 613 nəfər dinc azərbaycanlını qətlə yetiriblər. İki ildən sonra Ruandada tutsilərə qarşı soyqırımı, daha sonra 1995-ci ildə Srebrenitsada Bosniya müsəlmanlarının qətliamı dünyanı sarsıtdı. 1990-cı illərin əvvəlində 30.000 azərbaycanlı qətlə yetirilib. Onların çoxu dinc sakinlər idi. 1994-cü ildə atəşkəs elan olunana qədər müharibə nəticəsində Azərbaycan ərazisinin beşdə bir hissəsi Ermənistan tərəfindən işğal edilib. Təqribən 860.000 etnik azərbaycanlı öz ölkəsində məcburi köçkün vəziyyətinə düşüb. Təqribən 4.000 nəfər itkin düşənlər kimi qeydə alınıb və onların taleyi yalnız indi aydınlaşdırılır.

Sovet İttifaqının dağılmasından 10 il əvvəl kəskin iqtisadi tənəzzül mürtəce və irqçi siyasi qüvvələrin fəallaşmasına şərait yaratdı. İşğal edilmiş Qarabağda beynəlxalq səviyyədə tanınmamış oyuncaq rejimin birinci başçısı, daha sonra Ermənistanın prezidenti olmuş Robert Koçaryan kimi siyasətçilər qəzəblənmiş və yoxsullaşmış əhalini “başqa bir demonik etnik qrupun qurbanları” olmaqda inandıraraq deyirdilər ki, “ermənilər və azərbaycanlılar etnik və genetik baxımdan uyuşmazdırlar”. Bu irqçi müraciət o qədər güclü oldu ki, oyuncaq rejimin bir sıra siyasi və hərbi liderləri Ermənistanın özünün rəhbərliyinə gələ bildilər. Ermənistan prezidenti vəzifəsində Koçaryanı Serj Sarkisyan əvəz etdi. O, öz sələfinin fəaliyyət kursunu davam etdirdi. Koçaryanın prezident olduğu illərdə Sarkiyan müdafiə naziri idi. Neçə-neçə uşağın öldürülməsi, yandırılması, başlarının kəsilməsi ilə nəticələnmiş Xocalı qırğını törədiləndən 8 il sonra Sarkisyan deyib: “Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, lakin ermənilər mülki əhaliyə əl qaldıra bildilər. Biz bunu onlara göstərməli idik”.

Kuzio vurğulayır ki, Xocalı bu kədərli siyahıda yalnız birinci idi. Orta əsrlərdə salınmış gözəl Şuşa şəhərində gedən vuruşmalar müharibənin genişlənməsinə təkan verdi. Ermənilər tərəfindən öldürülmüş yüzlərlə insanın kütləvi məzarlığı yalnız 2021-ci ildə aşkar edildi. Sonra Ağdam gəlir – əhalisi 30.000 azərbaycanlıdan ibarət olan bu sənaye şəhəri tamamilə məhv edilib, məzar daşları dağıdılıb və daha sonra satılıb, şəhərdəki bütün tikililər vəhşicəsinə dağıdılıb. Ermənilərin Xankəndini “azad etmək” planı Azərbaycanın yaxınlıqdakı ərazilərinin ələ keçirilməsi, azərbaycanlı əhalinin oradan qovulması və Azərbaycanın bir hissəsinin zorla ondan qoparılması, işğal edilmiş və dağıdılmış şəhərlərdən ibarət “bufer zonası” yaradılması planına çevrildi. Bu zona minalarla doludur. Müəllif qeyd edir ki, həmin əraziləri minalardan tam təmizləmək üçün on illərlə vaxt lazım gələcək.

Koçaryan və Sarkisyan öz əməllərinə görə hələ də peşman olmayıblar. Əksinə, onların Qarabağda törətdiyi hərbi cinayətlər Ermənistanda siyasi karyera qurmalarına kömək edib. Qarabağda törədilmiş hadisələrə görə ABŞ və Fransada çox böyük gücə malik olan erməni diasporu da təqsirkardır. Nümayəndələr Palatasının üzvü, ABŞ Konqresinin Erməni Kokusunun sədr müavini Adam Şiff bu il Nümayəndələr Palatasının və Senatın büdcə təxsisatları üzrə komitələrini ermənilərin bandit rejimi üçün 50 milyon dollar vəsait ayırmağa çağırıb. Amerikalı vergi ödəyicilərinin pullarının verilməsi bununla əsaslandırılırdı ki, “demokratların və onların müttəfiqlərinin torpaqları, mədəniyyəti, mövcudluğu revanşist Azərbaycan tərəfindən təhlükə altındadır”.

Ümumiyyətlə, Ermənistanın guya Qərbin dostu olması ideyası Koçaryanın “ermənilərlə azərbaycanlıların uyuşmazlığı” barədə bəyanatı kimi cəfəng ideyadır. Ukraynaya müdaxilədən cəmi bir neçə gün sonra Qarabağdakı oyuncaq rejimin başçısı Ukraynanın ayrılmaz tərkib hissəsi olan Donetsk və Luqanskın “müstəqilliyinə” sevinirdi. Müəllif yazır ki, Ermənistanın özündə digər siyasi xadimlər özlərini qərbpərəstlər kimi göstərməyə çalışırlar. Ermənistanın indiki baş naziri Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatından (KTMT) çıxmasını tələb edən qərbpərəst gənclər tərəfindən seçilib. Lakin Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bu yaxınlarda Rusiya şirkətlərinə açıq müraciət edərək onları Yerevana köçüb gəlməyə, bununla da həmin şirkətlərin qərbin sanksiyalarından xilas olmalarına kömək edir.

İki il bundan əvvəl Ermənistan Qarabağa qeyri-qanuni nəzarətini itirib. Azərbaycanın azad etdiyi ərazilərdə Birinci Qarabağ müharibəsi dövründə öldürülmüş dinc sakinlərin və hərbçilərin kütləvi məzarlıqları aşkar edilib. Bu insanların çoxunun nəşinin qalıqları ekshumasiya edilib və eyniləşdrilib, onların şəxsiyyətinin müəyyən edilməsi üçün DNT-ekspertizalar aparılır. Həqiqətən müəyyən edilməsi üçün keçilməli çox uzun və çətin yol sonda xalqın tarixində qara bir fəsli açmağa imkan verəcək, lakin məlum olduğu kimi, yaralar dərhal sağalmayacaq. Hazırda ciddi ziddiyyətlərin bürüdüyü regionda yeni bir dövr başlanır. İndi azərbaycanlılar və ermənilər inciklikləri keçmişdə qoymalı və sülh yolu axtarmalıdırlar.

Ermənilər üçün bu çətin bir sınaq olacaq, çünki gənc nəsil işğal dövründə böyüyüb, lakin hazırda Ermənistanın özündə sağlam düşüncəli səslər eşidilir: vətəndaşların əksəriyyəti bunu anlamağa başlayıb ki, regionda beynəlxalq hüquq normalarının pozulması millətçilik əlaməti, vətəndaşların diqqətini korrupsiya, kütləvi işsizlik, zəif iqtisadiyyat kimi ümdə problemlərdən yayındırmaq cəhdidir. Bu üç tərkib hissənin hamısı işğalın nəticələridir: Ermənistanın regionda təcrid olunması onun iqtisadi inkişafının üstündən xətt çəkir, bu həqiqəti anlayanlar isə növbəti dondurulmuş münaqişə yükünün altına girmək istəmirlər. Kuzio məqaləsini belə bir çağırışla tamamlayır ki, firavan gələcək qurmaq üçün ilk növbədə hər iki dövlət və hər iki xalq keçmişin kabuslarından xilas olmalıdır.

(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir