“İşgəncə mədəniyyətimizin AYRILMAZ HİSSƏSİNƏ çevrilib”
Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib. Bu barədə sosial şəbəkələrdə videogörüntlər paylaşılıb. Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə hadisənin paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Mehnur” reabilitasiya mərkəzində qeydə alındığını bildirib.
“İNFONEWS” xəbər verir ki, “News24.az” millət vəkili Fazil Mustafanın gündəmi zəbt edən bu məsələ ilə bağlı fikirlərini öyrənilib.
Deputat qeyd edib ki, işgəncə hər yerdədir: “Bağçada, məktəbdə, metroda, avtobusda, bir sözlə, hər yerdə təzyiqə rast gəlmək olur. Söhbət burada təkcə fiziki işgəncədən getmir. Mənəvi işgəncə də kifayət qədər çoxdur. İşgəncə artıq mədəniyyətimizin ayrılmaz bir hissəsinə çevrilib. Hətta sosial şəbəkələrdə də xeyli “danabaş”lar, nadanlar insanlara işgəncə verirlər. Artıq işgəncə həyatımızın normal təzahürüdür. Mədəni mühit yarada bilmirik.
Bir müdir də işçisinə işgəncə verir. Bir xəstəxanada baş həkim də öz həkiminə işgəncə verir. Universitetin rektoru öz müəlliminə işgəncə verir. Bunlar hamısı işgəncədir, şərt deyil ki, fiziki gücdən istifadə edəsən. Hətta Mədəniyyət Nazirliyi də istedadlı adamlara işgəncə verir. Valideynə işgəncə verilir ki, filan məbləğə məktəbli forması almalısınız. Biz Avropa Mədəniyyətinə çata bilmirik.
Uşağa işgəncə verən müəllim savadsızdır. Onu işlə təmin ediblər ki, boş qalmasın. Müəllimin psixoloji hazırlığı yox səviyyəsindədir. Məsələn, Yaponiyada bütün uşaq bağçalarında kişi müəllimlər çalışır. Qadın müəllimləri uşaq bağçalarına buraxmırlar. Onlar uşaqları kişi xarakterində formalaşdırmaq üçün bu addımı atırlar. Nəticə etibarilə yapon uşaqlarında ciddi məsuliyyət formalaşır. Həmçinin onların parlaq gələcəkləri olur”.
Deputat pedaqoji sahədəki boşluqlardan söz açıb: “Azərbaycan məktəblərində təhsil aşağıdır. Ancaq valideynlər daha çox dəb üçün övladlarını rus məktəblərinə qoyurlar. Valideynlər anlamır ki, təfəkkür xarici dildə formalaşmır. Həmin uşaqlar ən uzağı tərcüməçi ola bilərlər. Problem ilk növbədə savadsızlıqla bağlıdır. Azərbaycanda pedaqoji sahədə yaxşı müəllim və ya mütəxəssis yetişdirilmir. Peşə təhsili isə sıfır səviyyəsindədir. İnsanların bir-birinə qarşı davranışında mədəni üslub xeyli dərəcədə itib. Həmin müəllimin uşağa gücü çatır, onu vurur, bir müdirün də işçisinə gücü çatır, ona işgəncə edir. Həmin müəllim müdirini vura bilməz. O, acığını uşaqdan çıxır. Bu problemin kökü sosiolojidir. Araşdırıb, müzakirə edib, həllini tapmaq lazımdır. Bir-iki müəllimi həbs etmək və ya cəzalandırmaqla məsələ kökündən həll olmur”.