“ÖZÜNDƏN SORUŞDUQ”da – Erməni uydurmalarına faktlarla cavab verən kitab
Artıq bir neçə gündür ki, “Azərbaycanın Mil-Qarabağ bölgəsinin ilk tunc dövrü maddi mədəniyyəti” monoqrafiyası işıq üzü görüb.
“İNFONEWS”-un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı UNEC “Humanitar fənlər” kafedrasının baş müəllimi, tar.ü.f.d., Cəmilə Vaqif qızı Həsənovadır.
“İNFONEWS”: – Cəmilə xanım, yeni “Azərbaycanın Mil-Qarabağ bölgəsinin ilk tunc dövrü maddi mədəniyyəti” kitabınızın haqqında nə deyə bilərsiniz?
Cəmilə Həsənova: – Yeni kitabım mənim üçün olduqca dəyərlidir. Bir elmi araşdırmaçı alim kimi bu kitab mənim apardığım beşillik tədqiqatların məcmusudur desəm, yanılmaram. Amma nə vaxtsa kitab kimi ərsəyə gələcəyinə heç inanmırdım. Lakin həyat bizləri öz qəribəlikləri ilə həmişə təəccübləndirir. 2020-ci ilin sentyabrında II Qarabağ müharibəsini, Zəfər yaşadıq, Şəhidlər verdik. Bir azərbaycanlı, tarixçi, eləcə də qarabağlı, ağdamlı kimi çox təsirlənmişdim. Daha sonra isə ailəmizdə çox böyük itki baş verdi. Ata itkisinin acısını yaşadım ki, hələ də bu yoxluqla barışa bilmirəm. Atam, polkovnik Cəfərov Vaqif Gəray oğlu I Qarabağ müharibəsinin iştirakçısı, veteranı idi. Atam mənim həyatda ən böyük dəstəyim, xüsuslə də elmi fəaliyyətimi, potensialımı yüksək qiymətləndirən insan idi. Tədqiqatlarımın doğma Qarabağ torpaqlarında aparmağım bu əsəri monoqrafiya şəklində hazırlayıb, atamın 75 illik yubileyinə ithaf etməyimə əsas verdi. Həmçinin, kitabımı Qarabağ uğrunda canından keçən bütün şəhidlərimizə həsr etmişəm. Bununla da, bir vətəndaş kimi, bir övlad kimi öz borcumu azacıq da olsa, belə ödəmək istədim. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
“İNFONEWS”: – Qeyd etdiniz ki, kitabınız beşillik tədqiqatlarınızın nəticəsidir. Daha ətraflı məlumat verərdiniz.
Cəmilə Həsənova: – Qeyd eydiyim kimi, kitab 5 illik apardığım elmi tədqiqatların və arxeoloji qazıntıların nəticəsində ərsəyə gəlib. 2012-2017-ci illərdə arxeoloji qazıntılara gedərkən, yeganə arzum bir gün Qarabağımızın azad olunması və tədqiqatlarımı tam aparmaq idi.
Tədqiqat materiallarımın və maddi-mədəniyyət nümunələrimin toplanmasına baxmayaraq, keyfiyyətli bir işin ortaya qoyması zaman tələb edir. Gənc tədqiqatçı kimi peşəkar arxeoloqların fikirləri mənim üçün həmişə önəmli olub. O üzdən AMEA Arxeologiya, Antropologiya və Etnoqrafiya İnstitutunun baş direktoru professor Abbas Seyidov və UNEC Humanitar fənlər kafedrasının professoru Hidayət Cəfərovla mütəmadi əlaqə saxlayır, məsləhətlər alırdım. Tədqiqatlarımın kitabda yer alması üzərində isə durmadan 2 ildən çox çalışmışam.
“İNFONEWS”: – Kitabın aktuallığı barədə nə deyərdiniz?
Cəmilə Həsənova: – Kitabım çox aktualdır. Çünki bizim qədim diyarımız olan Mil-Qarabağ torpaqlarındakı tarixi və arxeoloji məlumatları özündə əks etdirib. İllərlə mənfur düşmənlərimizin Qarabağ torpaqlarına iddiasına, uydurmalarına monoqrafiyadakı faktlar və sübutlarla son qoymaq olar. Kitabda yalnız sözlər ilə deyil, məhz maddi mədəniyyət nümunələri ilə bu torpaqların Azərbaycana məxsusluğu, eyni zamanda Azərbaycanın qədim yaşayış məskəni olması kimi faktlar sübuta yetirilib.
“İNFONEWS”: – Əsərin mütaliəsini kimlər üçün tövsiyə edərdiniz?
Cəmilə Həsənova: – Kitab bütün oxucular üçün maraqlı olacaqdır. Bununla belə, gənc tədqiqatçılar, ali məktəb tələbələri bir elmi mənbə kimi kitabdan yararlana bilərlər.
“İNFONEWS” komandası olaraq, Cəmilə Həsənovanı yeni “Azərbaycanın Mil-Qarabağ bölgəsinin ilk tunc dövrü maddi mədəniyyəti” kitabının çapdan çıxması münasibəti ilə erəkdən təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.