“İNFONEWS” “Science Advances” nəşrinə istinadən xəbər verir.
İndoneziyanın Sulavesi adasında arxeoloqlar yeni qədim qayaüstü rəsmlər aşkar ediblər.
“Science Advances” nəşrində qaya üzərində təbii ölçülərinə uyğun olaraq çəkilmiş rəsmin təqribən 45,5 min il yaşı olduğu güman edilməsi xüsusilə vurğulanır.
Nəşrin yazdığına görə, qaban rəsmi əhəngdaşı mağaralarından birində aşkar edilib. Tünd qırmızı oxra ilə çəkildiyi güman edilən rəsmin ölçüləri 135×54 santimetrə bərabərdir.
Qeyd edilir k, mağaranın divarlarında həmin rəsmlə yanaşı bu cinsdən olan daha iki donuzun görüntüləri yer alıb. Alimlərin ehtimalına görə, qədim rəssamlar Sulavesi adasında yaşayan Sulavesi donuzlarını təsvir etməyə çalışıblar.
Əlavə olaraq bildirək ki, bu tapıntıya qədər Sulavesi adasında aşkar edilən digər rəsmlər daha qədim hesab edilirdi. Həmin rəsmlərdə yarım adam yarım heyvan şəklində məxluqların ov zamanı təsviri yer alıb. Tədqiqatçıların qənaətinə görə həmin rəsmlər təqribən 44 min il bundan əvvəl çəkiliblər.