Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçirilib
Dövlət İmtahan Mərkəzi tərəfindən 25 sentyabr 2022-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) “İNFONEWS”-a verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 64 nəzarətçi‑müəllim, 8 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.
İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 15 gün ərzində elan olunacaq.
Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) oktyabrın 9-da keçiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyat 29 sentyabr 2022-ci il tarixinədək aparılacaq.