Baş Prokurorluq tərəfindən beynəlxalq əməkdaşlıq sahəsində əlaqələr uğurla inkişaf etdirilir
Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənmələri və qazandıqları biliyi təcrübədə tətbiq etmələri istiqamətində işlər daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.
Baş Prokurorluqdan “İNFONEWS”-a verilən məlumata görə, belə tədbirlərin davamı kimi, cari ilin sentyabr ayı ərzində Baş Prokurorluğun əməkdaşları bir neçə ölkədə beynəlxalq səviyyəli tədbirlərdə iştirak ediblər.
Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Toğrul Muxtarov Rumıniyanın Buxarest şəhərində təşkil olunmuş Hüquq-Mühafizə Orqanlarının İşçiləri üçün Avropa İttifaqının Təlimlər Agentliyi (CEPOL) tərəfindən “İnsan Alveri – əsas səbəbləri, kriminallaşması və sənədlərin saxtalaşdırılması. Qurbanların müəyyənləşdirilməsi, müdafiə olunması və onlara yardım göstərilməsi” mövzusunda təlimdə iştirak edərək bu növ cinayətlər üzrə ölkəmizdə tətbiq edilən istintaq metodikasi və milli qanunvericiliyin təcrübəsi barədə məlumat verib.
Bundan başqa, qeyd edilən idarənin prokuroru Orxan Yusubov İstanbul şəhərində Kibercinayətkarlığa qarşı mübarizə üzrə IV Regional Əməkdaşlıq təlimində iştirak edərək ölkəmizdə istintaq edilən kibercinayətkarlıq sahəsində cinayət işləri üzrə zərurət yarandıqda sorğuların texniki vasitələrdən istifadə olunmaqla – faks, elektron poçt vasitəsilə və ya diplomatik yollarla çatdırıldığı barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Həmçinin, həmin idarənin prokuroru Hüseyn Hüseynov insan alverinə qarşı mübarizə mövzusunda ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Açıq Dünya Ziyarət Proqramı” tədbiri çərçivəsidə ABŞ-ın Çikaqo şəhərində yerləşən müxtəlif qabaqcıl universitetlərin professorları, habelə insan alverinə qarşı mübarizədə fəaliyyət göstərən müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərdə iştirak edərək onların insan alverinə qarşı mübarizə siyasətinin həyata keçirilməsi haqqında araşdırma fəaliyyətləri ilə tanış olaraq bu kateqoriyadan olan cinayərlərdən zərər çəkmiş şəxslərə göstərilən xidmətlər barədə məlumatlar əldə edib.