AYB qurultayında olanlarla bağlı Rəşad Məcidin AÇIQLAMASI
AYB-nin qurultayı ətrafında gedən qalmaqal və narazılıqlarla bağlı AYB-nin sədr müavini Rəşad Məcid “Yeni Müsavat”a danışıb.
Rəşad Məcid ilk öncə gənc yazarların hansı səbəbdən namizədliklərinin qəbul olunmamasından söz açıb: “Onlar 3 dost idilər və 2-3 il bundan əvvəl də demişdilər ki, namizədliklərini irəli sürəcəklər. Hətta yazıçı Anar da cavab vermişdi ki, “barı üçünüz birləşib bir namizəd verin”. Fuad Cəfərli Gənclər Şurasının üzvüdür, qurultay nümayəndəsi Emil Rasimoğluna gəldikdə isə məhz Anar müəllimin təkidi ilə dedilər ki, gəlsin, iştirak etsin. Orada da birmənalı olaraq hamı Anar müəllimin namizədliyini dəstəklədi və sonda Elçin Əfəndiyev dedi ki, səsə qoyulsun. Bu səbəbdən onlara çıxış verməyə ehtiyac olmadı. Yəni cəmi iki nəfər idilər və onlar da Anar müəllimin əleyhinə səs verdilər.
Əslində düşünürdüm ki, onlara çıxış verilsin, amma bundan əvvəl Gənclər Şurasının görüşündə Fuad Cəfərli və digərləri çıxış edərək, öz düşüncələrini açıqlamışdılar. Onlar deyirdilər ki, “AYB təşkilatçılıq edib bizi televiziyalara çıxartsın, məşhurlaşaq” və sairə. Ciddi yazıları da yoxdur. Azərbaycan gəncləri arasında ondan istedadlı çox adam var, amma onlar təvazökardırlar. O adamların, ümumiyyətlə, Anara və yaşlı yazıçılara anormal münasibətləri var. Anarın bir əsərini oxumayıblar, dəyərləri bilmirlər, özlərindən şou yaradırlar. Anar müəllim də onların cavablarını verdi ki, “gedin yazın, yaradın, 5 ildən sonra namizəd olarsınız.
O ki qaldı namizədliklərinin qeydə alınmaması məsələsinə, gərək qurultay nümayəndələri onların namizədliklərini versin. Amma onların namizədliklərini heç kəs verməmişdi. Əgər onların namizədlikləri verilsəydi, və kimlərsə durub desəydi ki, biz Fuad Cəfərlini və yaxud Emil Rasimoğlunun namizədliyini istəyirik, namizədlik qeydə alınardı. Yoxsa ki, qurultayda 30-a yaxın adam çıxış etdi, amma bir nəfər də onların adını çəkmədi. Çıxış edənlərin hamısı Anar müəllimin seçilməyini istədiklərini bildirdi, Anar müəllim də dedi ki, “bu dəfə də seçilmək istəyirəm, çünki yarımçıq qalan işlərim var.
Bildiyiniz kimi, sonda Anarın əleyhinə cəmi iki səs oldu ki, həmin səs verənlər də onlar idi. Yəni namizədlikləri də verilsəydi, hərəsinə bir səs olacaqdı. Bu gün AYB-nin qurultayı ətrafında şou gedir. Qurultay az qala ölkənin gündəmində ən mühüm hadisəyə çevrilib. Mən hər zaman demişəm ki, Anar olmayandan sonra AYB adi bir təşkilata çevriləcək”.
Rəşad Məcid 203 min manatla bağlı qalmaqala da münasibət bildirdi: “O basabasda, qarmaqarışıq bir vaxtda o cür sualın yeri deyildi. Əgər jurnalist cavab istəyirdisə, yazılı şəkildə Çingiz Adullayevə sorğu göndərərdi, o da cavablandırardı. İttiham edirlər ki, qurultayın keçirməsi üçün bu qədər pul hara xərclənib? Axı məsələ tək ondan ibarət deyil. Xaricdən qonaqların dəvəti, kitabların çapı və digər məsələlər var. Dövlət vəsaiti elə-belə ayırmır ki… Hesabat verilir ki, filan işlər görüləcək, ona uyğun da vəsait ayrılır. Düşünürəm ki, Çingiz Abdullayevə həmin vaxt o sualın verilməsi qəsdən aranın qarışdırılması, sensasiya yaratmaq naminə olub. Sanki kimlərinsə tapşırığını yerinə yetirirdilər. Şəxsən qurultayda bir sıra jurnalistləri görəndə heyrət etdim. Onlar heç bir davranış qaydalarını gözləmirlər. Mikrofonu Milli Elmlər Akademiyası prezidentinin az qala ağzına dürtüb deyir ki, “siz məmursunuz, niyə Anarın namizədliyini dəstəkləyirsiniz?” O da cavab verdi ki “mən AYB-nin üzvü, Ağsaqqallar Şurasının sədr müaviniyəm”. Yəni heç bir ədəb-ərkan gözləməyən jurnalistlər peyda olub. Belə olmaz… Söz azadlığı adı altında belə həyasızlıq, tərbiyəsizlik etmək düzgün deyil. Fasilədə yaşlı yazıçılar otaqda oturub, çölə çıxa bilmirdilər ki, jurnalistlər onlara sual verəcəklər, sualların hamısı da qanqaraldıcı, şantaj tipli”.