ÖZÜNDƏN SORUŞDUQ”-da “Qobustan dünyası” jurnalı

ÖZÜNDƏN SORUŞDUQ”-da “Qobustan dünyası” jurnalı

“Qobustan dünyası” elmi-metodiki, populyar jurnalı uğurlu layihələrimizdəndir və jurnalının növbəti nömrəsi işıq üzü görüb.

“İNFONEWS”-un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi işçisi, “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalın baş redaktoru Vəfa Hüseynovadır.

“İNFONEWS”: – Vəfa xanım, olduqca aktual, maraqlı və peşəkar bir jurnal ilə gündəmdəsiniz. 

Vəfa Hüseynova: – Bu gün Azərbaycan mədəniyyəti, sözün əsl mənasında, dünyanı fəth edir, dünya mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirir. Azərbaycan xalqının dünya mədəni irsinə verdiyi töhfələrdən biri də 2007-ci ildə YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olmuş Qobustan abidələridir.

Qobustan abidələri Azərbaycan xalqının milli  sərvətidir. O, ulu əcdadlarımızın yadigarı kimi dövrümüzədək gəlib çatıb. Ərazidə 1966-cı ildə yaradılmış Qobustan Milli Tarix-Bədii Qoruğunun əsas vəzifəsi buradakı abidələrin elmi tədqiqatlar vasitəsilə öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılmasıdır. Qoruq eyni zamanda xalqımızın qədim tarixinin, zəngin mədəniyyətinin təqdimat məkanı kimi çoxşaxəli fəaliyyət göstərir.  Elmi-tədqiqat müəssisəsi kimi qoruqda yerli və xarici mütəxəssislərin iştirakı ilə mütəmadi tədqiqatlar və arxeoloji işlər aparılır. Qoruqda  təbliğat işinin qurulmasında ənənəvi təbliğat metodlarını davam etdirməklə yanaşı dövrün tələblərinə uyğun yeni metod və vasitələrdən istifadə olunur. Qoruqda əməkdaşların motivasiyası iş prosesinin ən vacib tərkib hissələrindən biridir. Bu qoruğa  işçi heyətinin məhsuldarlığını artırmaq və göstəriciləri yaxşılaşdırmaq imkanı verir. Rəhbərlik tərəfindən əməkdaşlara öz ideyalarını reallaşdırmaq və təqdim etdikləri layihələrdə  şəxsən iştirak etmək üçün lazımi şərait yaradılır. Təbii ki, yaradılan şərait təşəbbüskar əməkdaşların üzərinə böyük məsuliyyət qoyur, layihəni reallaşdırmağa,  göstərilən etimadı layiqincə doğrultmağa stimul verir. Yaradılan yüksək motivasiya mühitində biz qoruq əməkdaşları olaraq daim yeni yanaşma, yeni təqdimat və  təbliğat formaları axtarışındayıq. “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalı da bu axtarışlarımızın nəticəsi olan uğurlu layihələrimizdəndir. Jurnal Azərbaycanın qədim və zəngin mədəni irsinin təbliği, mədəniyyət və incəsənət sahələri üzrə mütəxəssislərin, yaradıcı şəxslərin bilik və təcrübəsinin ictimaiyyətlə paylaşılmasına xidmət edir. “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalı Qobustan Milli Tarix-Bədii Qoruğunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mətbu nəşrlərin reyestrində qeydiyyata alınmış ilk dövri mətbu nəşridir. Jurnal Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyasından bəhs edən “Mədəniyyətlər qovşağı”, tarix və mədəniyyət abidələrimizdən bəhs edən “Miras”, ölkəmizin 7 müxtəlif profilli muzeyinin hər birindən bir eksponatın daxil olduğu “Yeddi gözəl”, xalqımızın multikultural və tolerant ənənələrinə həsr olunmuş “Multikultural və tolerant Azərbaycan”, tanınmış mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş “Estafet”, mədəniyyət sahəsində xeyriyyəçilik ənənələrinin təbliğinə xidmət edən “Mədəniyyət xeyriyyəçiləri”, mədəniyyət, incəsənət və digər əlaqəli sahələrdə fəaliyyət göstərən mütəxəssislərə həsr olunmuş “Mütəxəssis məsləhəti”, doğma vətənimizdən uzaqda yaşasa da, vətən sevgisini öz yaradıcılığında əks etdirən soydaşlarımıza həsr olunmuş “İlham mənbəyim-Vətən”, fiziki məhdudiyyətli yaradıcı şəxslərə həsr olunmuş “Yaradıcılıq əngəl tanımır”, incəsənət sahələrindən bəhs edən “İncə sənətlər”, muzeysevərlərə həsr olunmuş “Muzeymaniya” və mədəniyyət və incəsənət sahələri üzrə sərbəst araşdırmalara həsr olunan “Köşə yazısı” kimi bölmələrdən ibarətdir.

 

“İNFONEWS”: – Jurnal geniş ictimaiyyətə təqdim edilən gündən diqqət çəkmiş, rəğbət qazanması göz önündədir.

Vəfa Hüseynova: – Jurnalın ilk sayı fevral ayında çapdan çıxmış və ictimaiyyətə tanıtım məqsədi ilə rəsmi təqdimat mərasimi keçirilmişdi. Qeyd edim ki, jurnalın ilk sayından etibarən, geniş ictimai rəğbət qazanması  redaksiya heyəti olaraq məsuliyyət hissimizi daha da artırıb, bizi daha çox çalışmağa həvəsləndirib.

“İNFONEWS”: – Artıq jurnalın yeni sayı nəşrdən çıxıb. Bu sayın özəlliyi barədə oxucularımıza məlumat verərdiniz.

Vəfa Hüseynova: – “Qobustan dünyası” jurnalının artıq ikinci sayı işıq üzü görüb. Jurnalın bu sayı Qobustan abidələrinin tədqiqatındakı əvəzsiz xidmətlərinə hörmət və ehtiram əlaməti kimi  arxeoloq alimlər Cəfərqulu Rüstəmov və Füruzə Muradovaya həsr olunub.

Oxucular jurnalın bu sayında Cəfərqulu Rüstəmov və Füruzə Muradovanın həyat və elmi fəaliyyətlərindən bəhs edən “Qobustanın pərvanələri”, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin müəllifi olduğu “Qobustan başlanğıcı və zirvəsi”, Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi katibi Sabir Nəzirovun “Ecazkar tarix yadigarımız- Qobustan” sərlövhəli məqalələri ilə tanış ola bilərlər. Jurnalın “Miras” bölməsində Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun direktoru Cümalik Rəhimovun və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun böyük elmi işçisi Anar Babayevin məqalələri yer alıb. “Estafet” bölməsində oxucular müxbirimiz Səidə Musayevanın təqdimatında Xalq rəssamı, həykəltəraş, akademik Ömər Eldarovla müsahibə ilə tanış ola bilərlər. “Teatr dərdə dəvadır” deyən Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Xalq artisti, rejissor, teatr və kino aktyoru Cahangir Novruzovla müsahibə jurnalın “İlham mənbəyim Vətən” adlı rubrikasında təqdim olunur. Jurnalın “İncə sənətlər” bölməsində Azərbaycanın ilk milli zərgərlik brendi olan “Resm”in yaradıcısı Rəsminə Qürbətova ilə müsahibə yer alıb. “Yeddi gözəl” bölməsində Azərbaycanın müxtəlif profilli muzeylərindən seçilmiş eksponatlar haqqında məlumatlar verilir. “Mədəniyyət xeyriyyəçiləri” bölməsinin bu saydakı yazarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovadır. Jurnalın növbəti “Multikultural və tolerant Azərbaycan” bölməsi talışlara həsr olunub. Oxucular professor, talış icmasının ağsaqqalı İmamverdi Həmidovun müəllifi olduğu məqalə vasitəsilə talışların etnik mədəni irsi və ədəbi-bədii yaradıcılığı ilə tanış ola bilərlər. Ali dərəcəli bərpaçı rəssam, Azərbaycan Respublikasının Əməkdar rəssamı Natiq Səfərovla müsahibəni jurnalın “Mütəxəssis məsləhəti” bölməsində oxuya bilərsiniz. Jurnalın ölkəmizin bölgələrinin mədəni potensialının təbliğinə xidmət edən “Gəzək qarış-qarış Azərbaycanı” adlı yeni bölməsi 2023-cü il üçün Türk dünyasının turizm paytaxtı seçilən Şamaxıya həsr olunub. “Muzeymaniya” bölməsində ilk azərbaycanlı dünya səyyahı, alpinist Fərid Novruzi dünya səyahəti ilə bağlı xatirələrini oxucularla bölüşüb. Fərid Novruzinin bölmədə yer alan “Vətən daşı” sərlövhəli məqaləsi Qobustan abidələrinə həsr olunub. Azərbaycanın ilk eşitməyən və danışa bilməyən modeli kimi tanınan Xaliq Məhəmmədzadə ilə müsahibə jurnalın “Yaradıcılıq əngəl tanımır” başlıqlı bölməsində oxuculara təqdim olunub. Dərginin bu sayının “Köşə yazarı” Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazovdur. Bölmədə təqdim olunan məqalə vasitəsilə oxucular 2021-ci ildə “Qastronomiya” mövzusu üzrə YUNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi Siyahısına daxil edilmiş Lənkəranın mətbəx mədəniyyəti ilə yaxından tanış ola biləcəklər.

 

“İNFONEWS”: – Müasir tələblərə cavab verən jurnalın redaksiya heyəti və işçi qrupu haqqında, eləcə də oxuculara daha da əlçatan olması barədə nə deyə bilərsiniz?

Vəfa Hüseynova: – Jurnalın direktoru Vüqar İsayev, redaktoru Sabir Nəzirov, art məsləhətçisi Səidə Musayevadır. Jurnal dövri olaraq ildə iki dəfə nəşr olunur. Mədəniyyətimizin və incəsənətimizin daha geniş şəkildə təbliği məqsədilə jurnal ikinci sayından etibarən iki dildə – azərbaycan və ingilis dillərində nəşr olunur. Oxucular  jurnalın bütün bölmələri və jurnalda dərc olunan materiallarla həmçinin jurnalın rəsmi “gobustandunyasi.az” saytında da tanış ola bilərlər. Saytda oxucuların müraciətini və redaksiya ilə əlaqəsini asanlaşdırmaq məqsədi ilə elektron müraciət forması yaradılıb. Mobil internet istifadəçilərinin rahatlığı nəzərə alınmaqla saytın daha sadə və yığcam formalı mobil versiyası da hazırlanıb.

“İNFONEWS”: – Jurnalın qarşısına qoyduğu hədəf və məqsədlərə nail olmaq istiqamətində bir sıra addımlar atılıb.

Vəfa Hüseynova: – Bəli. Əsas məqsədlərdən biri də oxucu məmnuniyyəti qazanmaqda olan “Qobustan dünyası” üçün oxucuların rəy və təklifləri olduqca önəmlidir. Oxucularımızın bizə ünvanlayacağı  rəy və təkliflər jurnalımızın növbəti saylarının fəaliyyət proqramının bir hissəsi olmaqla işimizi daha yüksək səviyyədə görməkdə bizə köməkçi ola bilər. Biz ictimaiyyətlə sıx əlaqələr fonunda oxucularımızla ruh və düşüncə doğmalığı yaradaraq jurnalın interaktivliyini daha da artıracağımıza inanırıq. Elə bu inamla da oxucularımızın rəylərini, təkliflərini [email protected] elektron ünvanında böyük məmnuniyyətlə gözləyirik.

“İNFONEWS”: – Və sonda…

Vəfa Hüseynova: – Azərbaycan mədəniyyəti inkişafın yeni mərhələsinə qədəm qoyub. Sözsüz ki, dərin tarixi köklərə malik, qədim və zəngin mədəniyyətimizin yeni inkişaf mərhələsində hər birimizin üzərinə mühüm vəzifələr düşür. Biz Qobustan Milli Tarix-Bədii Qoruğunun kollektivi olaraq üzərimizə düşən bu vəzifələrin məsuliyyətini şərəflə daşıyır və Qobustan abidələrinin elmi müstəvidə öyrənilməsi, qorunub gələcək nəsillərə çatdırılması, dünyada təbliğ olunması istiqamətində  bütün səy və bacarığımızı səfərbər edirik. Biz həmçinin “Qobustan dünyası” jurnalının saydan-saya təkmilləşərək inkişaf etməsi üçün səylərimizi daha da artıracağıq. Çünki məqsədimiz sadəcə jurnal nəşr etmək deyil, yüksək amallar uğrunda  daha çox çalışmaqla  Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə və təşviqinə layiqli  töhfələr verməkdir.

Gördüyümüz bu şərəfli və məsuliyyətli  işdə  bizə dəstək olan başda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi olmaqla, bütün mədəniyyət ictimaiyyətinə, sevgi və diqqətləri ilə ilham verən oxucularımıza dərin təşəkkürümüzü bildiririk.

“İNFONEWS” komandası olaraq, Vəfa Hüseynovaya təşəkkür edir, gələcək işlərində uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir