Ekofəallardan daha bir tələb – MİNA TERRORUNA SON QOYULSUN!

Ekofəallardan daha bir tələb – MİNA TERRORUNA SON QOYULSUN!

Təəssüf ki, Ermənistan mina terroruna son qoymur. Sonuncu dəfə hərbi qulluqçularımızın düşmənin basdırdığı minaya düşməsi, bəzilərinin həlak olması, bəzilərinin isə yaralanması mənfur qonşumuzun mina terrorunu davam etdirdiyini göstərir. Vətən müharibəsindən sonra iki yüzdən çox vətəndaşımız mina terrorunun qurbanı olub.

“İNFONEWS” xəbər verir ki, bu fikirləri AZƏRTAC -a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

Politoloq bildirib ki, bütün bunlar Ermənistanın torpaqlarımızı işğal altında saxladığı müddətdə bu əraziləri qarış-qarış minaladığını sübut edir. Bu, Ermənistan dövlətinin faşist ruhundan xəbər verir.

Bir neçə gündür Laçın yolunda azərbaycanlı ekofəalların səsini duymaq əvəzinə, Xankəndidəki separatçıları eşitməyə çalışan beynəlxalq təşkilatlar dünən Kəlbəcərdə baş verən mina terroru ilə bağlı heç bir fikir bildirmədilər. Vətən müharibəsindən sonra erməni mina terrorunun qurbanı olan iki yüzdən çox vətəndaşımızla bağlı da heç bir beynəlxalq təşkilatdan səs çıxmadı.

“Ermənistan Vətən müharibəsindən sonra da ərazilərin minalanması işini davam etdirib. Bununla da bu dövlət böyük bir böhrana səbəb olur. Azərbaycan heç bir xarici yardım olmadan, yalnız dostlarının köməyi ilə ərazilərin minalardan təmizlənməsi işini aparır. Lakin bu, çox böyük resurslar və vaxt tələb edir. Dövlətimiz ərazilərimizin minalardan təmizlənməsi işini əsas hədəflərdən biri kimi qarşıya qoyub. Hesab edirəm ki, Azərbaycan yardım istəməsə belə, beynəlxalq təşkilatlar ədalətli davranmalı və ölkəmizə kömək göstərməlidirlər. Lakin biz bunun tamamilə əksini görürük. Daha əvvəl Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin böyük əksəriyyəti saxta çıxdı. Amma bu işdə vasitəçi olanlardan heç biri Ermənistanı ittiham etmədi. Buna görə də Laçın dəhlizində etiraz edən ekofəalların tələblərinə biri də əlavə olundu – mina terroruna son qoyulsun!”, – deyə Tural İsmayılov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir