Məşhur xalq artisti vəfat edib
Bugün Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, tarzən Fikrət Süleyman oğlu Verdiyev ömrünün 75-ci ilində vəfat edib.
Bu barədə “İNFONEWS”-a Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, Verdiyev Fikrət Süleyman oğlu 02 sentyabr 1947-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
1957-ci ildə Gəncə şəhər 1 nömrəli Musiqi Məktəbinin tar sinfinə daxil olmuşdur. 1962-ci ildə həmin məktəbi bitirərək Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olmuşdur. Təhsilini davam etdirə-etdirə Gəncə Pioner və Məktəblilər Sarayında və Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edir.
1967-ci ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olur.
1969-cu ildə Gəncə şəhərində ictimai əsaslarla “Göy göl” Xalq Çalğı Alətləri Ansamblını yaradır. Konservatoriyadakı təhsilini başa vurduqdan sonra Fikrət Verdiyev ansambla rəhbərliklə yanaşı, Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətə də başlayır. 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə bu ansambla “Dövlət mahnı və rəqs ansamblı” statusu verilmiş və Fikrət Verdiyev bu kollektivə bədii rəhbər təyin olunmuşdur.
1990-cı ildə “Göy göl” Dövlət Mahnı və Rəqs Ansamblının bazasında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yaradılır. Gəncə Dövlət Filarmoniyasının yaranmasında müstəsna xidmətləri olmuş Fikrət Verdiyev Filarmoniyaya bədii rəhbər təyin olunur. Burada çalışmaqla yanaşı 1982-ci ildə Zeynəb Xanlarovanın yaratdığı ansambla konsertmeyster kimi dəvət olunur və bu kollektivlə birgə dünyanın 40-dan çox ölkəsində Azərbaycan mədəniyyətini təbliğ edir.
2000-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdində “Neftçi” Mahnı və Rəqs Ansamblını yaratmış və rəhbərlik etmişdir.
Yeganə tarzəndir ki, yaradıcılıq fəaliyyəti dövründə 2 böyük kollektiv yaratmış, 3 kollektivə rəhbərlik etmişdir.
2011-ci ildən “Xan Şuşinski” fondunun təsisçilərindən biri olaraq dünyanın müxtəlif ölkələrində Azərbaycan milli musiqisini uğurla təbliğ etmiş, bir çox ustad sənətkarların yubiley tədbirlərinin və yaradıcılıq gecələrini keçirmiş, bir çox müsabiqələrdə münsiflər heyətinin üzvü olaraq iştirak etmişdir.
1987-ci ildə Fikrət Verdiyev Azərbaycan SSR-i “Əməkdar artist”i fəxri adına, 2014-cü ildə isə Azərbaycan Respublikası “Xalq artisti” fəxri adına layiq görülmüşdür.
10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşirin nəslindən olan böyük muğam ifaçısı Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova – Verdiyeva ilə ailə qurub. İki qızı, bir oğlu, dörd nəvəsi var.
Bununla bağlı olaraq “İNFONEWS” komandası adından mərhumun ailəsinə və yaxınlarına eləcə də bütün ölkə ictimaiyyətinə başsağlığı verir və səbr diləyirik.