Ədəbiyyatdan namələr: SOLDU DODAQLARDA AÇAN GÜLLƏRİ –Namə 13
“İNFONESWS” – un “Ədəbiyyatdan namələr” layihəsi On üçüncü namə ilə davam edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Familqızı Paşayeva təqdim edir:
On üçüncü namə:
SOLDU DODAQLARDA AÇAN GÜLLƏRİ
Bu vəfasız dünyadan bir dahi keçdi…Nakam, 30 yaşlı Mikayıl Müşfiq keçdi… “Ah, mən gündən-günə bu gözəlləşən işıqlı dünyadan necə əl çəkim?” deyən şair qədər həyatın hər anını duyan, hiss edən, bəlkə həyatının son damlasına qədər yaşayan ahıl bir insanın ömrünə sığmayan, yaşanmayan sevgiləri bu nakam gənc öz romantik təxəyyülü ilə açırdı. Budur, hamımızın arxasıyca qaçdığı, həsrətini çəkdiyi “Sevgilər”…
Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.
Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var…
Amma, Müşfiqin Vətən sevgisi bütün sevgilərdən ucadır. “Oxu tar” harayı Vətən sevgisi olan hər bir insanı riqqətə gətirməyə qadirdir. Bu haray hər bir Azərbaycan gəncini mərdliyə, qəhrəmanlığa, döyüşə ruhlandırmağa, hətta Vətən sevgisinin nə olduğunu bilməyənlərə də anlatmağa qadirdir:
Oxu, tar! Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü
ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm.
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əliylə
Devirə bilərəm!
Oxu, tar!
Bu saat qarşında
Nə qədər adam var!
Utanma, oxu, tar!
Mədənli Bakımın
Pambıqlı Gəncəmin,
İpəkli Şəkimin
Acısı, şərbəti
Alovlu sənəti.
Oxu, tar, oxu, tar!
Səni kim unudar?
PS: “On üçüncü namə”ni kimə həsr edəcəyimizi heç düşünməmişdik. Bəlkə də bu da bir təsadüfdür ki, nəhs rəqəmin naməsində həyatı da müəmma, tərslik dolu bir şəxsiyyəti andıq.
Azərbaycan poeziyasının nadir incilərindən olan Mikayıl Müşfiqi və onun bizə qoyub getdiyi mənəvi irsi kim unuda bilər?
Bu gün Ustad şairimizin anım günüdür! Böyük sevgi, dərin hörmətlə anırıq…Ruhun şad olsun!