“Orta məktəblərdə Qarabağ folklor nümunələrinin təbliği və tərənnümü” layihəsi uğurla davam edir
Bakının Sabunçu rayonu Nazim İsmayılov adına 80 saylı tam orta məktəbdə “Şuşa ili” çərçivəsində “Orta məktəblərdə Qarabağ folklor nümunələrinin təbliği və tərənnümü” layihəsinin icrası uğurla davam etdirilir.
Bunu “İNFONEWS” – a layihənin rəhbəri, “Təhsildə inkişaf və innovasiyalar” üzrə VI Qrant Müsabiqəsi qalibi Aytən Sərdarlı bildirərək, layihənin olduqca vacib problemin həllinə kömək etməyə istiqamətlənməsi barədə məlumat verib.
“Adından göründüyü kimi, layihənin əsas məqsədi Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlamaq, onun qeyri-maddi mədəni irsini məktəblərdə təbliğ və tərənnüm etməkdir. Otuz illik nisgildən sonra böyük bir mədəniyyət daşıyıcıları olan milyonlarla insan doğma torpaqlarımıza qayıdacaq. Bu, əslində biz – müəllimlər üçün böyük bir məsuliyyətdir. “Orta məktəblərdə Qarabağ folklor nümunələrinin təbliği və tərənnümü” layihəsi zəngin Qarabağ folklor nümunələri ilə şagirdləri tanış etmək, onlarda vətənpərvərlik hisslərini formalaşdırmaq, dünyagörüşlərini artırmaq, hərtərəfli, eləcə də yaradıcılıq qabiliyyətlərinin inkişafına töhfə vermək vəzifəsini yerinə yetirmək məqsədini daşıyır” – deyə, Aytən Sərdarlı söyləyib.
Aytən Sərdarlı: “Layihə çərçivəsində şagirdlər Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İOEUGİ Məktəbində qonaq olub, dünyaca məşhur Qarabağ atları və Qarabağ xalq oyunlarının tərkib hissəsi olan Çövkən oyunu barədə geniş məlumat əldə ediblər. Həmçinin, məktəbin 8-ci sinif şagirdləri üçün Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü oyunu üzrə keçirilən “Prezident Kuboku” turnirinin üçüncülük uğrunda və final yarışını canlı izləmək, bu oyunun həyəcanını hiss etmək imkanı yaradılıb. Layihənin növbəti mərhələdə BDU-nun “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov yaxından iştirak edərək, məktəbin müəllim-şagird heyəti qarşısında Qarabağ folklor nümunələrinə aid mühazirələr söyləyib ki, mühazirələr dinləyicilərin böyük marağına səbəb olub. Böyük məmnuniyyətlə qeyd etməliyəm ki, layihəmiz şagirdlər tərəfindən yüksək maraqla qarşılanıb və onların Vətənini, millətini sevən, milli dəyərlərə hörmətlə yanaşan şəxsiyyətlərə çevrilməsində əhəmiyyətli rolu olacaqdır”, – əlavə edib.