“Beynəlxalq münasibətlər nəzəriyyəsi” – YENİ KİTAB VAR

“Beynəlxalq münasibətlər nəzəriyyəsi” – YENİ KİTAB VAR

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Beynəlxalq münasibətlər nəzəriyyəsi” adlı yeni dərslik nəşr olunub.

“İNFONEWS” -a Akademiyadan verilən məlumatına görə, dərsliyin müəllifi fəlsəfə elmləri doktoru professor Etibar Nəcəfovdur. Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri hüquq elmləri doktoru, professor Namiq Əliyevin elmi redaktorluğu ilə işıq üzü görən dərsliyi müəllif ABŞ-ın Nyu-York şəhərindəki Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində elmi ezamiyyətdə olduğu vaxt dinlədiyi mühazirələr, eləcə də Azərbaycanın bir neçə ali məktəbində beynəlxalq münasibətlər nəzəriyyəsi fənnindən oxuduğu mühazirələr əsasında tərtib edib.

Vəsaitdə liberalizm, realizm, neorealizm, neoliberalizm, konstruktivizm, feminizm və yaşıl siyasət kimi beynəlxalq münasibətlərin əsas nəzəriyyələri təhlil olunur. Bundan başqa, dərslikdə “qərarın qəbul edilməsi nəzəriyyəsi”, “oyunlar nəzəriyyəsi”, “cücənin oyunu”, “məhbus dilemması” kimi aktorların davranış nəzəriyyələri, eləcə də “güc və ondan istifadə metodları”, “milli maraq və təhlükəsizlik dilemması”, “milli maraq və ideologiya”, “xarici və daxili siyasət arasında münasibət”, “diplomatiya və onun növləri”, “beynəlxalq münaqişələr və onların tənzimlənməsi”, “müharibə, onun səbəbləri və növləri”, “beynəlxalq əməkdaşlıq”, “qloballaşma və onun beynəlxalq əməkdaşlığın inkişafına təsiri” kimi beynəlxalq münasibətlər nəzəriyyəsinin aktual problemləri tədqiq olunur.

Dərslik beynəlxalq münasibətlər, beynəlxalq hüquq, politologiya, tarix, regionşünaslıq ixtisasları üzrə təhsil alan tələbələr, magistrantlar, doktorantlar, müəllimlər və beynəlxalq münasibətlərin nəzəri problemləri ilə maraqlananlar üçün nəzərdə tutulub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir