Azərbaycanda kimlərə abidə ucaldılmalıdır? – SORĞU
Azərbaycanın ictimai, siyasi, ədəbi həyatında özünəməxsus rolu olan şəxsiyyətlərin adına abidələr qoyulur, hekyəllər ucaldılır. Paytaxtda, bölgələrdə qürur mənbəyimiz olan xalqımızın, eləcə də dünya məşhurlarına ucaldılmış göz oxşayan heykəlləri ilə yanaşı, adibəsi qoyulmayan bir çox dahilər, şəxsiyyətlər də yetərincədir.
“İNFONEWS” cəmiyyətimizin müxtəlif sahələrindən olan ictimai şəxslərindən kimlərə abidə qoyulması ilə bağlı sorğu keçirib.
Sorğunun cavablarını təqdim edirik:
Xalq yazıçısı Anar:
“Təklif edirəm ki, Cəlil Məmmədquluzadənin Bakıda heykəli ucaldısın. Çünki onun Bakıda Nizami muzeyinin qarşısındakı abidəsi digər ədəbi müəlliflərlə birgədir. Yəni ayrıca deyil. Sabirin, Füzulinin, Natəvanın, Axundovun, Cəfər Cabbarlının da abidəsi var, amma Cəlilin yoxdur. Mən bunu neçə ildi təkrar edirəm”.
Millət vəkili Hikmət Babaoğlu:
“Alpər Tunqaya, Dədə Qorquda, Hasan Xan Bayandura ( Uzun Həsən ), Mete Tanrıkuta ( Oğuz Xan ), Qaraqoyunlu Qara Yusifə ( Baharlu ) Şirvanşah 1-ci İbrahimə, Tanyukuka ( Tanyukuk abidəsində onun adından yazılır ki, mən As-Ər iyəm ), Mömin Vaçaqana (xristianlığı Albaniyada rəsmi dövlət dini edir) Bulan Xana (yəhudiliyi Azərbaycanda rəsmi dövlət dini edir), Şəmsəddin Eldənizə (Atabəylər dövlətini qurduğu üçün, əsl adı İl Dengiz yəni imperiyaya sahib olan ) Tomrisə (Temir – us Yəni sakların dəmir ledisi) Nadir Şah Əfşara, Ağa Məhəmməd Şah Qacara (Azərbaycanı birləşdirmək istədiyinə görıə ), onun qardaşı Fətəli Şahın Oğlu Abbas Mirzəyə ( Rus işğalçılarına qarşı inanılmaz mübarizə apara bildiyinə görə) Cavad Xana, Cəlaləddin Məngiberdiyə (Gürcüləri Azərbaycandan qovduğuna görə) Bəhməmyara, Nəsrəddin Tusiyə, Zərdüştə və s.”.
Mətbuat Şurasının sədri Rəşad Məcid:
“Bəxtiyar Vahabzadə, Səttar Bəhlulzadə, Məhəmmədhüseyn Şəhriyar”.
“Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməd:
“Şuşada Əhməd bəy Ağaoğluna, Laçında Xosrov bəy Sultanova, Bakıda isə Məhəmməd Əmin Rəsulzadəyə heykəl ucaldımasını tövsiyə edərdim”
Yazıçı Səfər Alışarlı:
“Mirzə Fətəli Axundova və Мirzə Cəlilə”.
Professor, Əməkdar jurnalist Qulu Məhərrəmli:
“Ədəbi: Aşıq Ələsgər, Mirzə Fətəli Axundov, Həsən Bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Mirzə Cəlil, Sabir, Hüseyn Cavid. Tarixi: Cavad xan, M.Ə.Rəsulzadə, Ə.B.Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nuru Paşa və başqaları. Bunu da qeyd edim ki, 27 Apreldə (1920) Yalama stansiyasında işğalçı XI Qırmızı Orduya qarşı 2 saat vuruşmuş 350 əsgərdən ibarət alaya toplu abidə qoyulması gözəl olardı”.
Qazi, jurnalist Rey Kərimoğlu:
“M.Ə. Rəsulzadə və Nuri Paşa”.
Sosioloq Elçin Bayramlı:
“Heykəli olmayanlardan Babək, Zərdüşt Peyğəmbər, Mircəfər Bağırov, Dədə Qorqud, Kərim Kərimov, Tusi, Xaqani, Nüşabə, Nadir şah, tarixən Azərbaycanda yaşamış böyük alimlər”.
Şair Rəbiqə Nazimqızı:
“Məncə, heç kəsə. Abidə ürəkdə varsa var, yoxdusa yoxdu. Mən şairə yox, şeirə, qəhrəmana yox, onun qəhrəmanlığına abidə qoyulmasının tərəfdarıyam”.
Psixoloq Günel Aslanova:
“Seyid Hüseyn Sadiq, Ümmügülsüm Sadıqzadə, Hüseyn Ərəblinski”.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova:
“Düşünürəm ki, dünya şöhrətli alim Lütfi Zadə, azadlıq carçısı kimi tanınan Tofiq Fikrət, bədii fikir tariximizin fenomeni İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Musa Yaqub, görkəmli sənətkarlarımız Məlik Dadaşov, Yaşar Nuri, Ceyhum Mirzəyevin adibəsi ucaldılsın”.
Tarixçi-alim Cəmilə Həsənova:
“Təklif edərdim ki, İdeal Nərimanov – arxeoloq, Süleyman Əliyarlı – tarixçi (həm Azərbaycanda, həm də Türkiyədə işləyib, tədqiqatlar aparıb) və görkəmli tarixçimiz Ziya Bünyadova abidə ucaldılsın”.
Oğuz Ayvaz