Güclü qar və şaxta səbəbindən Əfqanıstanda 170 nəfər həlak olub.
“İNFONEWS” “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə Təbii Fəlakətlərlə Mübarizə və Humanitar Məsələlər Nazirliyinin nümayəndəsi Şəfiulla Rəhimi bildirib.
Onun sözlərinə görə, son üç həftə ərzində ölkənin 34 əyalətindən 24-də mövcud olan şaxta və qar nəticəsində 170 nəfər, o cümlədən uşaqlar və qadınlar həlak olub, 30 nəfər xəsarət alıb.
Bildirilib ki, temperaturun aşağı düşməsi nəticəsində 150-dən çox yaşayış binası dağılıb, 80 min başdan çox mal-qara tələf olub.
Qeyd edək ki, Əfqanıstanda istilik sistemi mövcud deyil, insanlar isinmək üçün çox vaxt kömür, odun və ya maye qazdan istifadə edirlər. Bu da bir çox hallarda qaz və ya karbon oksidinin sızmasından insan ölümünə səbəb olur.