Tarixi Sım kəndində bir gün- FOTOREPORTAJ
Astara rayonunun dilbər guşələrindən biri olan Sım kəndi rayon mərkəzindən 45 kilometr uzaqda, ucqar dağlıq ərazidə, dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşir.
İNFONEWS-un Sım kəndində olan əməkdaşı bildirir ki, “Sım” sözü talış dilində “sıldırım”, “hündür” qayalıqda yerləşən kənd mənasındadır. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Sım kəndi sanki açıq təbiət muzeyidir.
Bu qədim yaşayış məntəqəsi əsrarəngiz şəlaləsi, bulaqları və mağaraları ilə məşhurdur. Təkcə Sım kəndinin mərkəzində 74 bulaq var. Qədim yaşayış məskəni zəngin meşəsi və çoxsaylı şəfalı bulaqları ilə yanaşı, həm də özünün tarixi tikililəri və qayaları ilə də tanınır. Kənddə yerləşən Buzxana mağarası turistlərin diqqətini daha çox özünə cəlb edir. Burada təbiətin gözəlliyi ilə tarixilik harmoniya təşkil edir.
Dağlar qoynunda yerləşən bu məkanı cənub bölgəsində bulaqlar və şəlalələrin mənbəyi də adlandırırlar.
Hər daşında bir tarix, hər yamacında bir bulaq olan bu sirli-sehrli kənddə hazırda 180 ailə təsərrüfatında 830 nəfər yaşayır. Kəndin sakinləri həyətlərində axar bulaq suyundan istifadə edirlər.
Talış sıra dağlarının ətəyində yerləşdiyindən kənddə öz mənbəyini dağlardan götürən dörd şəlalə də var.
Sım kəndi tarixən strateji əhəmiyyətə də malik olub. Orta əsrlərdə Şimaldan Cənuba və ya əks istiqamətdə hərəkət edən karvan yolları məhz bu kənddən keçib. Kənddə bu günə qədər gəlib çatmış maddi mədəni və yazılı mənbələrdən aydın olur ki, burada hələ eramızdan əvvəl inkişaf etmiş sivilizasiya mövcud olub.
Bu qədim yaşayış məskənində hökmdarların iqamətgahının olması ilə bağlı faktlar da mövcuddur. Hökmdarın taxtını əvəz edən “şah daşı”, həbsxana və bu günə qədər araşdırılmayan çoxsaylı Mixi yazılarını buna misal göstərmək olar.
Müəllim Zahirəddin Məmmədov Sım kəndinin qədim tarixindən danışarkən bildirib ki, kənddəki böyük qayalığın yaxınlığında dustaqxana adlanan yer var. Bura təbii daşdan olan bir həbsxanadır. Həmin yerdə çoxlu insan sümüklərinin olması da bunu sübut edir.
Sım kəndinin saymaqla bitməyən təbii gözəlliklərinin sorağı ilə hər il xeyli sayda turist bura baş çəkir. Kənd sakinlərinin sözlərinə görə, burada istirahət edənlər arasında yerli sakinlərlə yanaşı, xeyli sayda əcnəbilər də olur.