BUYNUZA QAR YAĞIR

BUYNUZA QAR YAĞIR
“İNFONEWS” xəbər verir ki, xalq şairi Musa Yaqub özünün FACEBOOK sosial şəbəkəsi hesabında yeni şeirini paylaşıb.

Nəhəng ağ xəyaldır Babadağ baxır,
Buynuza qar yağır
Kef içindəyəm.
Bağlı cığırlarda izim darıxır,
Məxfi sənəd kimi seyf içindəyəm.

Ayazı, şaxtası heç sona yetmir,
Buynuza qar yağır,
Könlümə həm də –
Soyuq tənhalıqla heç yola getmir,
Gizli bir gizilti gəzir sinəmdə.

Buynuza qar yağır uyutsun məni,
Yəni dost unudan bivəfalardan
Yağır ki, biryolluq soyutsun məni
Göylərdən sirr dolu bir aləm yağır,
Bu yağan ruhdumu, yoxsa qəm yağır?..
Varmı göylərdə də ölən, doğulan,
Eh, dünya sirrini harda saxlamır?..

Açılmaz düyünüm bir kələfdəyəm,
Buynuza qar yağır,
yaman kefdəyəm –
Barmek tələsməsin,
var, işığım var,
Hələ işlətməyə qar işığım var.
Buynuza qar yağır,
hey aram-aram –
Mən varam… varam… varam…

Xalq Şairi Musa Yaqub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir