Meningit nədir?

Tez-tez eşidirəm ki, başınızı örtün meningit olarsız. Bəs bu xəstəlik nədir?

İnsan başının ağır bəlalarından biri də meningitdir. Özü də bu yoluxucu bəla ilk növbədə kiçik yaşlı uşaqları və yeniyetmələri hədəfə alır. Yaşlı adamlar da bu azara az məruz qalmırlar.

Meningitin kəskinləşməsi uşaqlarda karlığa, epilepsiyaya, zehni inkişafın dayanmasına səbəb ola bilər. Xəstəlik vaxtında müalicə edilməzsə, ölümə aparır, özü də bəzən bir neçə saat ərzində…

Meningit beyin qişalarının iltihabı xəstəliyidir. Xəstəliyi əsasən müxtəlif mikroblar və viruslar törədir: infeksiyanın giriş qapısı yuxarı tənəffüs yolları, qulaqda olan infeksiya, əsasən burun-udlaqdır. Törədici mikrobun daxil olduğu yerdə iltihabi proses inkişaf edir.

İnkubasiya dövrü 5-7 gündür. Şiddətli başağrıları meningitin daim davam edən və ilk simptomudur. Alın-təpə nahiyəsində başağrısı ilə yanaşı, boğazda ağrı və acışma, quru öskürək, burun tutulması, az hallarda burundan selikli-irinli ifrazatın axması xəstələrin səciyyəvi daimi şikayətləri sayılır. Bu simptomlarla bərabər, əksər təsadüflərdə xəstənin ümumi əhvalının pisləşməsi: kefsizlik, süstlük, zəiflik, iştahanın azalması, yuxunun pozulması müşahidə olunur. Xəstələrin çoxunda bədən temperaturu, adətən, subfebril rəqəmlərə qədər yüksəlir. Lakin bəzən orta dərəcədə və hətta yüksək (39 C-dən yuxarı) qızdırma baş verir. Qızdırma 1-3 gündən artıq olmur. Dəri örtükləri solğun olur.

Meningitdə başağrısı son dərəcə şiddətli, əziyyətli, çox vaxt lokallaşdığı yer müəyyən edilməmiş diffuz şəkildə olur. Axşamlar xüsusən intensiv olur, bədən vəziyyətini dəyişərkən, çox bərk səs, parlaq işıq təsirindən güclənir. Çox vaxt xəstələr başağrısından inildəyirlər. Meningitdə qusma ürəkbulanmasız, qida ilə əlaqədar olmadan qəflətən baş verir, xəstəyə rahatlıq vermir və bəzən başağrısının şiddətləndiyi vaxt meydana çıxır.

Meningitin profilaktikası üçün gigiyena qaydalarına əməl etmək vacibdir: əlləri müntəzəm yumaq lazımdır, öz şəxsi qab-qacağınızdan, dəsmalınızdan istifadə edin.

Özünüzü soyuqdan gözləyin və istənilən baş ağrısına ciddi yanaşın.

Həkim-Nevroloq:Qalib Əsədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir