Zəlzələ ilə ilk tanışlığım – Oğuz Ayvaz yazır… Bu günlərdə Türkiyəni ağuşuna alan dəhşətli zəlzələ insanların həyatlarını, talelərini işğal edir
Qəfi ölkədə hər şey alt-üst oldu. Acı, ağrı, əzab, qan, ölüm Türkiyənin başını kəsdirib.
Yaddaşım 2000-ci ildə yaşadığım ilk zəlzələ qorxusunu dartıb çıxardı. 10 yaşım vardı. Həmin gün də noyabr ayına təsadüf etmişdi. Qonağımız da vardı. Çayından bəh-bəhlə içib atamla sənətdən, siyasətdən söhbət edirdilər. Az keçmədi qonağı yola saldıq. Anam beli ağradığından çarpayısına uzandı. Mən də qonağın getməyindən istifadə edib pürrəngi bir çay süzdüm. Elə təzə stolun arxasına keçmişdim ki, çilçiraq silkələnməyə başladı. Həyəcanla ayaqlandım. Anamın sözünü bu gün belə unutmuram: “Ayxan “kravat”ın altındadı? Niyə silkələyir? Çıx görüm ordan…” Atam bacımı qucağına alıb, qaçın zəlzələdi deyə bağırdı.
Hamıdan zirək olduğumdan qapını açıb dəhlizə çıxdıq. Əvvəla qarşılaşdığım mənzərəni danışım: Qapını açanda başı şampunlu, yarıçılpaq, sısqa bir kişi görünürdü qarşımda. Əlləri əsdiyindən şalvarını geyinə bilmirdi. İroniya dolu bu mənzərə heç bir hiss yaratmamışdı. Ancaq içimdəki qorxu bağrımı deşirdi. Pillələri tullana-tullana düşüb, özümü küçəyə atdım. Bir qadın gözümə sataşdı. Eynən müharibə mövzusunda çəkilmiş filmlərdəki əzablı qadın obrazına bənzəyirdi. Binanın qarşısında dayanıb əlləri üzündə, ağlayırdı. Onun hıçqırıqları küləkli gecənin bətninə sancılırdı.
Ev paltarlarımızla özümüzü küçəyə atmışdıq. Üstəlik də ayaqyalın. Hava da buz kəsirdi, qış qapımızdaydı. Kişilər damaqlarında siqaret püfüldədərək zəlzələdən danışrıdılar. Mən zəlzələni böyük əjdahaya bənzətdim. Yerin altında yaşayan, hirslənəndə yeri silkələyən vəhşiyə… İstədim ki, siqaret çəkən kişilərə yaxınlaşıb deyəm, ay əmilər gedin yeri qazın, əjdahanı öldürün, rahat evimizə gedək. Ancaq bu yerdə maşınların səsi, işıqlar, uşaqların səsləri fikrimi yayındırdı. Atamgilin yanında büzüşüb, key-key ətrafa tamaşa edirdim.
– Dədə, biz öləcəyik?
– Elə şey olar, indi evə gedəcəyik…
Binanın qarşısı qarışqa misalı adamlarla qaynayırdı. Hamımızın gözü pəncərələrdə gəzirdi. Qorxu xofu virus kimi hamıya yayılırdı. Evlərdə pul, zinyət əşyaları, qır-qızıl vardı. Onları götürmək gərəkli idi. Kişilər bu işə yaxın durmadı. Anam və dəstəsi evlərə üz tutdular. Bu kadr da mənə cizgi filmlərini xatırlatdı. Anamgilin dəstəsinin adını “Qorxusuz arvadlar” adlandırdım. Tunel yolu ilə getdiklərini təsəvvür etdim. Məxfiliklərini qoruyan dəstə üzvləri evdəki pulları zərərsiz şəkildə götürmüşdülər. Bu dəstənin ilk uğurlu əməliyyatıydı.
Atamın əlləri saçlarımda gəzişdi. Qardaşım, bacım, anam adamların içində bənizi solğun, qorxmuş cüyürə bənzədilər.
Atamın arxasına düşüb, pay-piyadə yola düşdük. Qonşunun qohumunun həyət evi vardı. Bizim evdən məsafəsi 10 kilometr idi. Qaranlıq küçələr, tələsən adamlar, şəhərin közərən işıqları, bir-bir arxada qalırdı. Biz məhəlləmizdən uzaqlaşdıqca…
Həyət evinə çatanda ev əhli də təlaşlı görünürdü. Başa düşdüm ki, qorxu insanlarda birlik, həmrəylik hissləri yaradır. Bəlkə də bu ölüm qorxusuydu?!
İçəri keçib döşəməyə sərilmiş böyük xalçanın üstünə uzandıq. Biz uşaqlar donuq gözlərimizlə gecənin səhərini düşünürdük. Radioda deyilirdi ki, ikinci dalğa gözlənilir. Zəlzələ yenə ola bilər! Bu bizim üçün ikiqat qorxu idi. Dan yeri ağarana yaxın mürgülədik. Səhər dərsə getməliydik. Hava bom-boz, miskin adamlar kimi boynunu bükmüşdü. Qorxumuzdan həmin gün məktəbə getmədik. Evimizə gəlmişdik. Divarlara, çilçirağımıza baxdım. Hər şey qaydasında görünürdü. Birdən ağlıma qonuşuluğumuzdakı lüt kişi gəldi, görəsən hardadı deyə, özüm üçün xəyallar qurmağa başladım…
Zəlzələ təbii fəlakət olsa da insanları öldürən, bəşəri qorxu yaradan seriyalı qatil kimidir. Özü də elə qorxuncdur ki, nə uşaq bilir, nə qoca, nə də heyvan. Zəlzələ yerin altı ilə sürətlə şütüyən anakonda kimidir.