“Ata, ana mən ölümsüzəm” deyən Şəhid Ruhid İslamlı-Foto

“-FOTO 

Vətən müharibəsi başlayan ilk gündən etibarən könüllü ərizə yazaraq döyüşlərə qatılan Şəhid Psixoloq Ruhid İslamlı haqqında valideynlərinin müsahibəsindən bir neçə məqamı təqdim edirik.

Şəhidin atası Uğur İslamov öz xatirələrini bölüşür: “Ruhid kiçik yaşlarından bəri çox fərqli uşaq olub. Qabiliyyətiylə, sakitliyiylə, mərdliyiylə seçilən bir uşaq olub. Hər zaman yaxın ətrafının, dostlarının, müəllimlərinin hörmətini qazanıb.

Oğlum psixoloq kimi fəaliyyət göstərirdi, uşaqlarla işləyirdi. Respublika üzrə keçirilən tədbirlərin bir çoxunda iştirak edirdi. Eyni zamanda tibb elminə də marağı var idi. Bu səbəbdən bir sıra kursları uğurla keçmiş, sertifikat və diplomlarla təltif edilmişdir. Ruhid idmanı çox sevirdi. 5 yaşından cüdo, güləş, kinqboks və bir sıra idman növləri ilə məşğul olub, Respublika üzrə yarışlarda da dərəcələr qazanıb, ölkə üzrə çempionluğu da var. Universitetdə oxuduğu illərdə də idmanla əlaqəsini kəsməyib.

Ən əsas arzularından biri Şuşanı azad görmək idi. Vətənpərvərliyi sosial şəbəkə hesablarında hər kəsə aşılayırdı. Tovuz hadisələri baş verən zaman bir paylaşımı olmuşdu Ruhidin, “artıq Azərbaycanın torpaqlarını azad etmək vaxtıdır” yazısı ilə. Həmin gündən 2 gün sonra General-Mayor Polad Həşimovun məzarını ziyarət etmək üçün II Fəxri Xiyabana getdik. Orada dedi “ruhunuz qarşısında and içirəm ki, mən də torpaqlarımızın azadlığa qovuşması uğrunda əlimdən gələni edəcəyəm”.

Sonuncu imtahanını verdikdən sonra hərbi xidmətə çağırılacaqdı. Hətta xəbər 1-2 gün gec gəldi. O ərəfədə tez-tez soruşurdu “ay ata, niyə çağırmırlar? Ata niyə gecikdirirlər?” Deyirdim “narahat olma gedəcəksən”. İyul ayını 29-da Lerik rayonundan yola saldıq. Müharibə başlamamışdan sentyabr ayının 24-də mənlə əlaqə saxladı ki, “ata, mən də komandanlığa müraciət etmək istəyirəm ki, könüllü döyüşlərə qoşulum”. Dedim “siz yeni getmisiniz, bu qədər tez bir zamanda çox güman ki, alınmaz”. Söhbətimiz belə oldu. Sonradan əlaqə saxlayırdıq, amma gedib-getməməyi barədə heç nə demirdi. Sentyabr ayının 27-də Vətən müharibəsi başlayandan 2 gün sonra əlaqə saxladıq. Danışanda atəş səsləri gəlirdi. Dedi “ata, səndən bir şey xahiş edim. Məni bağışla, qalxmışam artıq cəbhə bölgəsindəyəm”. Dedim “niyə getdin, necə getdin?” Dedi “ata, könüllü komandanlığa ərizə yazdım. İcazə vermədilər. Sonradan xahiş etdim ki, mən rabitəçiyəm, iştirak edə bilərəm. Mənim də dəstəyim, köməyim dəyər. Razılıq verdilər, komandirimlə birlikdə yuxarı qalxdım. Qismət Allahdandır ata. Mən də istəyirəm torpaqlarımızın azadlığı uğrunda vuruşum”.

Döyüş yoldaşları danışır, müharibə zamanı onlarla müəyyən psixoloji söhbətlər aparıb, ruhlandırırdı. Deyib “biz torpaqlarımızı nə vaxtsa azad etməliyik, düşmən işğalından azad olunmalıdır artıq”. Orada da komandirlərinin böyük hörmətini qazanmışdı. Böyük Vətən müharibəsi ərəfəsində döyüşlərdə fəal iştirak elədiyinə görə komandanlıq tərəfindən fəxri fərmanla təltif olunmuşdu. Hətta mən komandirə zəng edəndə deyirdi “Ruhidi mənə tapşırma, məni Ruhidə tapşır. O mənim bir dəfə həyatımı qurtarıb”.
Oktyabr ayının 6-sı idi. Səhər saat 11-də danışdıq. Sonra günorta saat 2 radələrində də əlaqə saxladıq, söhbət etdik. Dedi “ata ağır döyüşlərimiz olacaq. Mən sənə bir şey deyim ki, həmişə həyatda hər şeyə hazır ol”. Dedim “o nə danışıqdı danışırsan?” Cavab verdi ki, “Ola bilər Şəhid olarıq. Mənim xəbərimi kimdənsə eşidərsən, yəni mən özüm sənə deyirəm ki, hər şey ola bilər. Yağışdır, göydən yağır, kimin başına yağdı-yağdı. Yəni vəziyyət budur, anamdan muğayət ol”.

Talış kəndi yüksəkliyi uğrunda gedən döyüşlərdə, Murovdağ uğrunda döyüşlərdə, Suqovuşan uğrunda döyüşlərdə fəal iştirak edib. Oktyabr ayının 3-də Suqovuşanın işğaldan azad olunması xəbərini də ilk Ruhiddən almışdıq. Bizə zəng etmişdi. Sevincli səs tonuyla elə dedi ki, “ata, Suqovuşanı işğaldan azad etdik, artıq özümüzə qayıtdı. Azərbaycanımızın ərazi bütövlüyünü bərpa edəcəyik.” Mən onun necə gülümsədiyini telefondan belə hiss etmişdim. Ürəyi köksünə sığmırdı. Şəhid olacağı gün, yəni oktyabr ayının 6-da saat 3-də və 6 radələrində anasıyla da danışdı. Ümumiyyətlə həyatı boyu anasına əziyyət verən uşaq olmayıb. Onun bikef olmağını istəməyən oğul idi. Amma oradan anasına dedi ki, “narahat olma. Sağ-salamat qurtararıq, Azərbaycanın qəhrəmanı olarıq. Olmasa da mən həyatda ölümsüzəm”. Həmin gün zəng edəndə dedim “Ruhid anan çox narahatdır, zəng et onunla da danış”. Dedi “ata danışmışam anamla da. Onunla danışıb sənə zəng etdim”. Yəni ard-arda hər ikimizə 2 dəfə zəng etmişdi. Hətta gülüş yaratmaq üçün dedim “bəsdir, nə çox danışırsan sən telefonda?” Şəhid olduğu zaman düşmən minamyot zərbələri endirmişdi. Yanındakı bir neçə zabit ağır yaralanmışdı. Təqribi 10-11 dəqiqə müddətində düşmənlə təkbaşına atışmada olub Ruhid. Sonra isə yaralanıb. Komandiri danışarkən dedi “artıq nisbətən özümə gələndə kömək üçün Ruhidi səsləndim, cavab gəlmədi. Onda anladım ki, artıq Şəhadətə qovuşub”.
Hələ də onun yoxluğuna inanmıram. İnanmıram ki, mənim övladım yoxdur həyatda. Şəhidliyindən sonra heç vaxt onun şəkillərinə baxanda gözlərinə baxa bilmirəm. Məzarını ziyarət edirəm, baxmıram şəklində gözlərinə. Düşünürəm öz-özümə-doğurdanmı belə bir uşaq həyatda yoxdur…”

Şəhidin anası Təranə Şükürova kədərli və bir o qədər də qürurla “ana, mən ölümsüzəm” deyən oğlu haqqında xatirələrini bölüşür: “Ruhid lap körpəlikdən qeyri-adi uşaq olub. Qayğıkeş, mehriban,Vətəninə, millətinə çox bağlı idi. Böyüdükcə daha da hiss edirdim ki, millətinə bağlılığı daha da artır. Kiçik yaşlarından bəri Vətənə aid şeirlər oxuyub, səsləndirib. Uşaq idi, Xocalı Soyqırımı, 20 Yanvar faciələrinə baxardı, deyərdi “mən böyüyəndə onların qanını alacağam”. Oğlumun uşaqlıqdan arzusu Vətəni bütöv görmək idi. Hər zaman deyərdim Vətənin bu başı, o başı olmaz, hər yeri Azərbaycandır. Sevmədiyim şeydir “haralısan” sözü. Övladlarıma da deyərdim “heç kimdən soruşmayın haralısan” deyə.
İlk başlarda bilmirdim Ruhidin harada olduğunu. Danışanda silahların səsi gəlirdi, artilleriya atılırdı. Deyirdim “Ruhid o səslər nədir?” Deyirdi “ana mənimlə danışırsan, boş ver onları, təlimlərdəyəm”. Tək kəlimə sual verdim “Döyüşdəsən?”. Dedi “Pis oldun ana?” Özümü toparladım dedim “Yox, pis olmadım”. Qorxusu yox idi, əksinə psixoloq olduğu üçün döyüş yoldaşlarına mənəvi, psixoloji dəstək olurdu. Deyirdi “ana müharibədir, qorumalıyıq torpaqları”. Mən özüm də özümü həmişə möhkəm saxlayırdım ki, o da pis olmasın, deyirdim “Vətən üçün böyütmüşəm səni”.
Müharibə ərəfəsində danışanda, o vəziyyətdə belə ürəkləndirirdi məni. Mən hər zaman onun tərbiyyəsi, təhsili, ağlı ilə fəxr etmişəm. Deyirdi “ana möhkəm dayan, sən bilirsəndə kimin anasısan. Sən bundan sonra da mənimlə fəxr edəcəksən”.

Şəhid olan günü dəfələrlə telefonda danışmışdı bizlə, sanki nələrisə hiss edirmiş kimi. Mənə çox bağlı idi, mən də onunla nəfəs alırdım. Özünü qorumasını tapşıranda deyirdi “ana, sən heç narahat olma, mən ölümsüzəm”.
Mən ona hər zaman “çempionum” deyərdim. Sonralar telefonda danışanda “qəhrəmanım” deyirdim. Onda gülürdü, deyirdi “ana sən həmişə mənlə fəxr eləmisən, bundan sonra da edəcəksən. Mən ölümsüzəm ana, bunu hər zaman bil və möhkəm ol”. Mən o zamanlar anlamırdım nə dediyini. Amma sonradan anladım ki, oğlum hiss edirmiş kimi şüuraltı olaraq nəyə hazırlamaq istəyib.
Sosial şəbəkələrdə Vətənimizin tanınması üçün paylaşımlar edirdi. Yazıları, paylaşımları hələ də olduğu kimi qalmaqdadır. Tək təsəllim odur ki, Vətənimiz artıq bütövdür və indi böyüyən uşaqların anası gələcəkdə gözü yaşlı qalmayacaq”.
Qeyd edək ki, Şəhid Ruhid Uğur oğlu İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində anadan olmuşdur. Ailədə 4 nəfər olmaqla, 1 bacı və 1 qardaş olaraq böyüyüblər. 2000-ci ildə ailəsi ilə birgə Bakıya köçmüş və orada yaşamağa başlamışdır. 4 yaşından bağçaya, 2005-ci ildən isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinifə daxil olmuşdur. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315№-li məktəbdə təhsilini davam etdirmişdir.
Təhsil aldığı müddətdə, hələ kiçik yaşlarından, cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və bir sıra digər idman növləri ilə məşğul olmuş, Respublika yarışlarında 1 və 2-ci yerlərə yiyələnmişdir. Azərbaycan Respublikası Çempionatında muay-tay uzrə yarışda dərəcə almış və həmçinin beynəlxalq turnirlərdə də iştirak etmişdir. Qəhrəmanımız həmçinin hərbi yarışlarda da iştirak etmiş və müxtəlif dərəcələr almışdır. Özü də bir sıra yarışma, flashmob və s. təşkil etmişdir.
2016-cı ildə Naxçıvan MR-nın Müəllimlər İnstitutunun Təhsildə sosial psixoloji xidmət ixtisasında təhsil almağa başlamışdır. II kursdan universitetdə YAP Gənclər təşkilatının sədri kimi fəaliyyətə başlamış, eyni zamanda Gənclər birliyinə də sədrlik etmişdir. 2018-ci ildə YAP-ın fəal gənc üzvü seçilmişdir. 2020-ci ildə ali təhsilini başa vurmuş, lakin diplomunu əlinə ala bilməmişdir.
29 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2020-ci il 27 sentyabrdan etibarən gənc əsgər, bölüyündən könüllü şəkildə ərizə yazmış və torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılaraq rabitəçi kimi xidmətini davam etdirmişdir. 2020-ci il 6 oktyabr tarixində Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimiz Bakı şəhər Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində torpağa tapşırılmışdır.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Ruhid Uğur oğlu İslamlı ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Allah Rəhmət eləsin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir