Hərbi xidmətə getməkdən boyun qaçıran şəxs həbs edildi
Mingəçevirdə hərbi xidmətə getməkdən boyun qaçıran 34 yaşlı kişi həbs edilib.
“İNFONEWS”in əldə etdiyi məlumata görə, şəhər sakini, 1989-cu il təvəllüdlü Mədət Alışovun (şərti) uzun müddət həqiqi hərbi xidmət keçməkdən boyun qaçırması məlum olub. Onun barəsində Cinayət Məcəlləsinin 321.1-ci (Hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, M.Alışov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsində hərbi uçota alınıb. Həqiqi hərbi xidmət yaşı, yəni 18 yaşı 2007-ci ildə tamam olsa da, Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti – red.) ali təhsil aldığı üçün ona müəyyən müddətə möhlət hüququ verilib. Daha sonra 2013-cü ildə təhsil aldığı Qafqaz Universitetindən xaric olunub, 2014-cü ildə işləmək məqsədilə Rusiya Federasiyasına gedib və 2022-ci ildə Rusiyadan Azərbaycana qayıdıb.
Sərhədi keçən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları onun axtarışda olmasını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə yaxınlaşmağını bildiriblər. Bundan sonra M.Alışov 31.03.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə gedərək həkim komissiyasından keçib və hərbi xidmətə yararlı hesab edilib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilən şəxsə çağırış vərəqəsi verilərək məsuliyyəti barədə xəbərdar olunub.
Lakin M.Alışov Bakıya gələrək kor bağırsağından əməliyyat olunub, buna görə də ona bir çağırış üzrə möhlət hüququ verilib. 3 ay sonra həmin şəxsə həkim müayinəsindən keçirilməsi üçün yenidən göndəriş vərəqəsi verilib və növbəti dəfə hərbi xidmətə yararlı hesab edilib. Lakin o, yenidən qeyd olunan tarixdə hərbi xidmət üçün getməyərək xidmət keçməkdən boyun qaçırıb.
Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə M.Alışova 1 il həbs cəzası verilib.