YURDUMUZA BAHAR GƏLİR -“Faktlara dayanan TARİXİMİZ”
“İNFONEWS” -un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:
YURDUMUZA BAHAR GƏLİR
Baharın gəlişi hər bir elə, hər bir obaya və hər bir evə özü ilə yeni təravət, yeni sevinc və yeni ovqat gətirir. Bu ovqatın gözəlliyi ondan ibarət olur ki, Novruzda bütün insanlar sevinir və fərəh hissi keçirir.
Əlbəttə, həmişə insanlar Novruzun gəlişinə böyük ümidlə baxıblar. Çünki torpağın oyanması ilə hər yan yaşıllaşır və dünyamız güllərə, çiçəklərə bələnir. Novruzda elə adam olmur ki, evinəeşiyinə nə isə təzə bir şey almasın, süfrəsini bayram xonçası ilə bəzəməsin. Novruz bayramı həm də arzuların və ümidlərin çin olduğu, göyərdiyi bir gündür. Bu gün Novruzu məmləkətimizin müxtəlif yerlərində hər kəs böyük sevinclə qarşılayır.
Qədim dönəmlərdən başlayaraq insanların həyatında dönüş nöqtə məhz baharın gəlişi idi. Belə ki, baharın gəlişi ilə baş verən dəyişiliklərə insanlar sevinir, hətda bayramlara çevirirdilər. Bəlkə də təsadüfi deyil ki, qədim dönəmlərdə məhz şahların tac qoyma mərasimi belə bu dönəmdə olmuşdur.
Azərbaycanın ən qədim dövlətlərindən biri Atropatena dövlətidir. Atropatena dövlətinin dönəmində mövcud olan dinlərdən biri zərdüştlük dini idi. Dinin əsas məbədi məhz Atropatenanın paytaxtı Qazaka şəhərində yerləşirdi. Hər il şahın yenidən tacqoyma mərasimi məhz Qazaka məbədində Nozruz bayramına bir həftə qalmış həyata keçirilərdi. Dini inanclara əsasən şahın ruhu məhz bu mərasimdən sonra yenidən təzələnir və yeni ruhla, enerji ilə idarəetməni davam etdirir.
Artıq xalqımızın ən əziz bayramı olan Novruzun beynəlxalq status qazanması hər bir azərbaycanlının qəlbində sonsuz sevinc və qürur hissi doğurmuşdur. Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan mədəniiyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində yorulmadan apardığı məqsədyönlü iş nəticəsində ötən il Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış, bu yaxınlarda isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında bütün dünyada martın 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.