“Türk dövlətləri ilə əməkdaşlıq əlaqələri daha da genişlənir”.
“İNFONEWS” xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı və birliyi bu gün hər bir dövlət üçün nümunədir: “Türkiyə-Azərbaycan qardaşlığı və birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq”.
K.Bayramov deyib ki, beynəlxalq münasibətlərdə Azərbaycanın mühüm rol oynadığı platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır: “Belə ki, qardaş Türkiyə ilə strateji müttəfiqliyin əsasında yaradılan Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu qurumdur. Martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq”.
Deputat vurğulayıb ki, bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meyilləri müşahidə olunub: “Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Dövlət başçısı Zirvə görüşündə bildirdi ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi”.
K.Bayramov qeyd edib ki, Azərbaycan və Türkiyənin ticarət dövriyyəsinin artması birbaşa türk dövlətləri arasındakı münasibətlərin xüsusən son illər daha da genişlənməsi ilə əlaqədardır: “2022-ci ildə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib. Yaxın illərdə türk dövlətləri ilə ticarət dövriyyəsinin 15 milyard dollaradək yüksəlməsi gözlənilir. Dövlət başçısı çıxışında diqqətə çatdırıb ki, bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Türk dövlətləri ilə də əməkdaşlıq əlaqələri daha da genişlənir. Ötən kiçik dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilir, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunur”.