Azad Səfərov: ” Oskar”a namizəd olmaq Ukraynada baş verənlərə diqqət çəkmək üçün əla fürsətdir”
“Oskar”a namizəd olmaq Ukraynada baş verənlərə diqqət çəkmək üçün əla fürsətdir. “Oskar” mənim üçün yolun sonu deyil, bir növ tramplindir”.
“İNFONEWS” xəbər verir ki, bunu UNİAN-a müsahibəsində sənədli filmi “Oskar” mükafatına namizəd olan Azərbaycan əsilli ukraynalı rejissor Azad Səfərov deyib.
Hələ 2014-cü ildə Ukraynadakı müharibə və Krımın ilhaqı səbəbindən çətin vəziyyətə düşən uşaqlardan bəhs edən “Qəlpələrdən qurulmuş ev” filmi uşaqların hekayələri vasitəsilə vəziyyəti obyektiv şəkildə təqdim edir.
“Filmin danimarkalı rejissor Saymon Lerenq Vilmont tərəfindən çəkilməsi qərəzsizliyi göstərir. Bu, filmə və müharibədə rusların günahkar olduğuna inanmağa kömək edən amildir”, – A.Səfərov müsahibəsində bildirib.
O, həmçinin əlavə edib ki, müharibədən təkcə ukraynalılar deyil, həm də müxtəlif millətlərdən olan insanlar əziyyət çəkir: “Ukraynadakı bütün digər insanlar kimi mən də müharibədən əziyyət çəkirəm”.
Onun sözlərinə görə, yaxın gələcəkdə yeni oxşar filmlər gözləməyə dəyməz: “Biz xeyriyyə fondu yaratmışıq, orada uşaqlara psixoloji və humanitar yardım göstəririk və artıq minlərlə ailəyə yardım etmişik. Diqqətimizi yardıma ayırmaqdan ötrü bütün başqa planlarımızı təxirə salmışıq”, – A.Səfərov deyib.