“Heydər Əliyev-100” Diaspor gənclərinin IV Yay düşərgəsi keçiriləcək

“Heydər Əliyev-100” Diaspor gənclərinin IV Yay düşərgəsi keçiriləcək

Avqustun 12-18-də qədim Azərbaycan torpağı Naxçıvanda Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev-100″ Diaspor gənclərinin IV Yay düşərgəsi keçiriləcək.

“İNFONEWS” – un Dövlət Komitəsindən əldə etdiyi məlumatına görə, düşərgədə dünyanın müxtəlif ölkələrində yaşayan 100-dən çox gəncin, o cümlədən azərbaycanlıların və ölkəmizə dost münasibət bəsləyən digər xalqların gənclərinin iştirakı nəzərdə tutulur.

Düşərgə iştirakçıları bir həftə ərzində Naxçıvanın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, eləcə də əylənmək və intellektual oyunlarda iştirak etmək imkanı qazanacaqlar.

Yay düşərgələri xaricdəki gənc nəsil azərbaycanlıların ölkəmizlə bağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları və s. üçün gözəl fürsətdir.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gənclərini yay düşərgəsində iştiraka dəvət edirik.

Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilərlər. Bundan əvvəl təşkil edilmiş düşərgələrdə iştirak etmiş gənclərin təkrar iştirakı nəzərdə tutulmur. Düşərgədə iştirak xərcləri (yol xərcləri, viza, yerləşmə, qidalanma və s.) tam şəkildə qarşılanacaq.

Düşərgədə iştirak etmək istəyən gənclər 2023-cü il iyunun 1-dək www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilmiş onlayn anket formasını tam doldurub göndərməlidirlər. Seçim prosesi müraciətlərin qəbulu və video müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq.

Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatları əldə etmək üçün www.diaspor.gov.az saytını diqqətdə saxlamaq vacibdir.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı və Şuşa şəhərlərində 3 Yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan yüzlərlə gənc həmin düşərgələrdə iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir