TARİXİMİZİN FACİƏLİ SƏHİFƏSİ – “Faktlara dayanan TARİXİMİZ”

TARİXİMİZİN FACİƏLİ SƏHİFƏSİ – “Faktlara dayanan TARİXİMİZ”

 

“İNFONEWS” – un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:

31 MART – TARİXİMİZİN FACİƏLİ SƏHİFƏSİ 

1918-ci il iyulun 15-də AXC Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Hökumətin iclasında Xarici işlər naziri M. H. Hacinski çıxışında qeyd etdi ki, 4 aydır erməni cəlladları dinc müsəlman əhalisinin həyatı və əmlakı üzərində görünməmiş vəhşiliklər törədirlər. Bununla yanaşı, zorakılıq törədənlərin yalan xəbərləri nəticəsində Avropa ictimaiyyətində tamam əks əhval-ruhiyyə yaradılır. Həmin təşkilat Fövqəladə Komissiya xarakteri daşımalıdır, həm də bu komissiyanın topladığı sənədlər Azərbaycan, rus, ingilis, fransız, alman dillərində nəşr edilib yayılmalıdır.

Təhqiqat Komissiyası tərəfindən şahid kimi dindirilmiş Bakı şəhərinin sakini A. N.Kvasnikinin ifadəsində deyilirdi: “Bu il martın 17-21-də Bakıda baş vermiş hadisələri əsla vicdan əzabı çəkmədən belə şərh etmək olar: “Müsəlman əhalisinin, əvvəlcə, Bakı şəhərində, sonra isə ətraflarda cismən məhv edilməsi, onların əmlakının hamısının qarət olunması və bütün var-dövlətlərinin və siyasi üstünlüyün ermənilərin əlinə təbii surətdə keçməsi məqsədilə ermənilərin müsəlmanlara qarşı təşkil etdikləri qanlı qəsd idi”.

Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram – doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üçdörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”. Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür.

Qədim Azərbaycan şəhəri Şamaxı dəhşətli talan və vəhşiliklərə məruz qalmışdır. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu. 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi.

Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Hadisələrin canlı şahidlərindən olan nüfuzlu din xadimi İbrahim Aydəmirov xatırlayır ki: “Digah məscidində təxminən 600-700 il əvvələ aid alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı, kənd məscidinin təxminən bir kilometrliyində yerləşən müqəddəs pirin daşını da partlatmışdılar. Bu, üstündə alban yazıları olan nəhəng bir daş idi”. Şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdı ki, bunlardan 35-i hazırda mövcud deyildir.

Göyçay qəzasının Kürdəmir kəndində daşnaklar 56 ev və dükanı, 127 malikanəni, iki məscidi yandırmış, yerli imamın mənzilini talan edərək, Qurani Kərim kitabını yandırmışdırlar. Göyçay qəzasında Cəngi (Caylı), Qaravəlli, Qarabucaq, Mustafanı, Xəlil-Qasımbəy, Ərəb-Mehdibəyli, Sadalı kəndləri və digər obalar da darmadağın edilmişdir.

Lənkəran, Cavad qəzalarının bir hissəsi, İrəvan, Gəncə quberniyasının dörd qəzasında – Cəbrayıl, Cavanşir, Şuşa, Zəngəzurda böyük dağıntı törədilərək, azərbaycanlı əhali ucdantutma məhv edilmişdir.

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə görə, 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir.

1918-ci ilin avqustunda İgdir və Eçmiədzin qəzalarında azərbaycanlıların 60-dan çox, İrəvan quberniyasında  211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi.

Azərbaycanlılara qarşı yeridilən soyqırım siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqəti Ümummilli liderimiz Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində ictimaiyyətə çatdırılıb. Soyqırım yalnız Ulu Öndərin 1998-ci il 26 mart tarixli fərmanından sonra öz hüquqi-siyasi qiymətini alıb.

Bu gün isə prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün və vandalizminin nəticələrinin aradan qaldırılması, erməni vəhşiliyinin dünyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələri xüsusi ilə qeyd edilməlidir.

Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013- cü il sentyabrın 18-də açılmışdır.

“İNFONEWS” komandası olaraq, Ümummilli lider Heydər Əliyevin verdiyi sərəncamı əsas tutaraq, hər il 31 Mart tarixində Dünya Azərbaycanlılarının soyqırım gününü dərin hüznlə anır və dünyasını dəyişən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir