13 May – Beynəlxalq Köçəri Quşlar Günüdür

13 May – Beynəlxalq Köçəri Quşlar Günüdür

Mayın 13-ü Beynəlxalq Köçəri Quşlar Günüdür (World Migratory Bird Day).

“İNFONEWS” xəbər verir ki, bu gün 2006-cı ildən beynəlxalq səviyyədə qeyd edilən məlumatlandırma kampaniyası və ekoloji bayram kimi qeyd olunur. Əvvəlcə, bu beynəlxalq tarix yalnız may ayında qeyd olunurdu, 2018-ci ildən isə ildə iki dəfə – may və oktyabrın ikinci şənbə günü keçirilir.

Beynəlxalq Köçəri Quşlar Günü insanların köçəri quşlar, onların yaşayış yerləri və səyahət marşrutları haqqında biliklərini artırmaq məqsədi daşıyan ekoloji kampaniyadır. O, qlobal əhatəyə malikdir və köçəri quşların üzləşdiyi təhlükələr, onların ekoloji əhəmiyyəti və onları qorumaq üçün beynəlxalq əməkdaşlığın zəruriliyi haqqında bütün dünyada məlumatlılığın artırılmasına kömək etmək üçün effektiv vasitədir.

Beynəlxalq Köçəri Quşlar Günü Köçəri Növlər üzrə Konvensiya (CMS) və Afrika-Asiya Köçəri Quşlar Sazişinin (AEWA) himayəsi altında keçirilir. Bu beynəlxalq müqavilələrin hər ikisi Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) bir hissəsidir.

Bayramın keçirilməsində məqsəd köçəri quşların yayılma arealının (qış və yay) ekosistemlərini məhv edən qlobal ekoloji dəyişikliklərə, habelə köçəri quş növlərinə tanış olan təbii şəraitin çoxalma, uçuş, və yumurtaların inkubasiyasına diqqət çəkməkdir. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının məlumatına görə, qlobal miqyasda hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.

Günün bir çox ictimai tədbirləri, xüsusilə quş festivalları, maarifləndirici proqramlar, ekspertlərin rəhbərlik etdiyi quş müşahidələri və çöl səfərləri bütün dünyada köçəri quşların yaşayış yerlərinin qorunmasına çağırır. Hər il onlar müəyyən bir mövzuya həsr olunurlar. Günün “Köçəri Quşlar və İnsanlar – Zamanda Birlikdə” şüarı insanlar və quşlar arasında ayrılmaz bağı vurğulamaq məqsədi daşıyır.

Quşların miqrasiyası bir fenomen olaraq həm də biomüxtəlifliyin, ekosistemin sağlamlığının və iqlim dəyişikliyinin əsas göstəricisidir. Köçəri quşların fəaliyyəti sayəsində bütövlükdə ekosistemin tarazlığı qorunur – məsələn, bəzi bitkilər belə quşlar tərəfindən tozlanır.

Hər il dünyada 11 min quş növündən təxminən 1800-ü böyük məsafələr qət edir. Yolboyu çoxlu təhlükələr var. Kənd təsərrüfatında dəyişikliklər və qlobal istiləşmə ilə əlaqədar yaşayış yerlərinin itirilməsi, habelə brakonyerliyin artması köçəri quşların sayının azalmasına səbəb olur. Onların miqrasiya yolunda çoxlu ölkələr var, ona görə də problemləri ancaq birlikdə həll etmək olar.

Azərbaycan ornitofauna baxımından olduqca zəngindir. Ölkəmizdə 400-dən çox quş növü qeydə alınıb. Azərbaycanda qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdur. Bunların 40 faizi oturaq növ olmaqla, respublika ərazisində ilboyu müşahidə edilirlər, 27 faizi qışlayan və 10 faizdən çoxu isə köç vaxtı qeydə alınan növlərdir. Avrasiyadakı ən böyük miqrasiya yollarından biri Azərbaycan ərazisindən keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə edir. Avropada qışlayan quşların ən çox olduğu yerlərdən biri olan ölkəmizdə 1-1,5 milyon su quşu qışlayır. Digər qışlayan quşlardan isə bəzgəklərin sayına görə ölkəmiz dünyada birinci yerdədir. Belə ki, 100-200 min arasında bəzgək respublika ərazisində qışlayır.

Ölkəmizdə su-bataqlıq quşlarının qorunması məqsədilə Qızılağac, Ağgöl, Abşeron və Şirvan milli parkları təşkil edilib. Həmin milli parkların ərazisində ekoloji turizmin istiqaməti olan quşların müşahidəsi üçün geniş imkanlar var. Milli parklarımızı ziyarət edən turistlər burada ilboyu həm qışlama, həm köç, həm də yuvalama zamanı quşların müşahidəsini həyata keçirə bilirlər.

Ölkəmizdə sututarlara xüsusi yaraşıq verən amillərdən biri də burada qışlayan quşlardır. Əlverişli şərait Azərbaycana qışlamağa gələn quşların sayını ildən-ilə artırır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Ornitoloji Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə qışlayan quşların sayılması prosesi aparılır.

Bu il Azərbaycanda 960 min qışlayan quş aşkarlanıb ki, onların da 95 faizi su quşudur. Quşların sayında ötən ilə nisbətən 140 min artım qeydə alınıb. Əvvəlki illərə nisbətən bəzgəklərin sayında iki dəfə azalma müşahidə olunub. Qış quraq keçdiyindən onlar ənənəvi qışlama yerlərində əvvəlki sayda müşahidə olunmayıblar. Təxminən 5-20 min dəstə bəzgək qeydə alınıb. Bununla yanaşı, qar yağması nəticəsində şimaldan daha çox quş ölkəmizə gəlib. Qışlayan quşların təxminən yarım milyonu Qızılağac Milli Parkının “Böyük Körfəz” adlanan ərazisində müşahidə olunub.

(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir