AZƏRBAYCANIN İSTİQLALININ ELAN OLUNMASINDA MƏMMƏD ƏMİN RƏSULZADƏNİN ROLU – “Faktlara dayanan TARİXİMİZ”
“İNFONEWS”– un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:
AZƏRBAYCANIN İSTİQLALININ ELAN OLUNMASINDA MƏMMƏD ƏMİN RƏSULZADƏNİN ROLU
1917-ci ilin sonlarına doğru Azərbaycanın siyasi həyatında böyük yüksəliş dövrü idi. Artıq milli hərəkatda üç cərəyan seçilirdi: milli demokratlar, sosialistlər və islamçılar. Xüsusi olaraq fərqlənən milli demokratlar Azərbaycanın inkişafını milli dövlətçilikdə görürdülər.
Belə vəziyyətdə Zaqafqaziyadakı siyasi təşkilatlar da fəaliyyəti gücləndirdilər. 1917-ci ilin noyabr ayında Tiflisdə Zaqafqaziyadakı siyasi təşkilatların yığıncağı keçirildi və Zaqafqaziya Komissarlığı yaradılması qərara alındı. Həmin ilin noyabr ayının 14-də yaradılmış yeni hökumətin tərkibi elan edildi.
1918-ci ilin fevralından, Zaqafqaziya Seyminin ilk iclasından isə Azərbaycan siyasətçilərinin Zaqafqaziya istiqlalı uğrundakı mübarizəsinin yeni mərhələsi başlandı. Həmin ilin fevralın 23-də Tiflisdə Zaqafqaziyanın Seyminin qanunverici orqanı – Zaqafqaziya Seyminin açılışı oldu. Seymdəki Azərbaycan fraksiyası 44 millət vəkilindən ibarət olub, “Müsavat”, “İttihat”, “Hümmət” və “Müsəlman Sosialist blokunu” təmsil edirdi-lər. Bu fraksiyanın rəhbəri M.Ə. Rəsulzadə idi. 1918-ci ilin martın 14-də keçirilən Trapezund Sülh Konfransında da Türkiyə nümayəndələri artıq Zaqafqaziya nümayəndələrindən respublikaların siyasi quruluşları haqqında qətnamə tələb edirdilər.
1918-ci ilin mart hadisələri də Zaqafqaziya Seymindəki münasibətləri gərginləşdirdi və Azərbaycanın milli müstəqilliyi uğrundakı mübarizədə həlledici mərhələ sayıldı. Qeyd edək ki, on minə yaxın günahsız adamın ölümünə səbəb olmuş 1918-ci ilin mart hadisələri Azərbaycan tarixinin ən faciəli səhifələrindən idi.
Bakı və Tiflis dəmiryolu bağlandığından şəhərdə qalan bir neçə min erməni silahlıları martın 29-da «Evelina» gəmisində Müsəlman diviziyasının bir neçə yüz əsgərini tərk-silah etdikdən sonra vəziyyət gərgin həddə çatmış və Qızıl Ordu dəstəsinə atılan təxribati güllədən sonra silahlı ermənilər dinc əhaliyə hücum edərək onları amansızcasına qırmışdı.
- Ə. Rəsulzadə yazırdı: «Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatı Bakıda da tətbiq edirdilər. Əmələ və füqəra hakimiyyəti naminə «Müsavat firqəsi milli-müsəlman şura»sına elani-hərb edən «Bakı Soveti» erməni alayları ilə biliştirak 10000 qərib müsəlmanı qətl etdi».
Minlərlə günahsız adamın ölümünə səbəb olan ermənilərin xəyanəti, törətdikləri qırğın haqda məlumat 1918-ci ilin aprelin 2-də Zaqafqaziya Seyminə çatdırıldı. Lakin Seymin bu qırğına laqeyd münasibəti azərbaycanlı nümayəndələrdə ciddi narazılıq doğurdu. Eyni zamanda Seymin gürcü-erməni çoxluğu Bakı Sovetinə ciddi təsir göstərmək istəmirdi. Bu münasibəti görən Seymin azərbaycanlı deputatları ayrı-ayrı partiyaları təmsil etsələr də, eyni mövqeyə gəlib birgə fəaliyyətə üstünlük verdilər. Mart hadisələri Milli İstiqlal Mübarizəsinin nəinki məqsədində, eləcə də forma və vasitələrində keyfiyyət dəyişikliyi yaratdı.
Bu hadisələrdən sonra fikir müxtəlifliyində olan azərbaycanlılar, gürcülər və ermənilərin Seymdə birgə fəaliyyəti getdikcə mümkün olmur, münasibətlərdə inamsızlıq yaranırdı.
Qeyd edək ki, gürcülər və ermənilər Türkiyə ilə münasibətdə ciddi siyasi ziddiyyətdə idilər. Gürcülər Batum və Acarıstanın saxlanılması cəhdində olsalar da, buna nail olmaq üçün Qars və Ərdəhanı güzəştə getməyi lazım bilirdilər. Türklərin isə Seym daxilindəki ziddiyyətlərdən məlumatları var idi. Odur ki, Zaqafqaziya hökumətinin Türkiyə ilə apardığı müharibə 8 gündən artıq çəkmədi. Türklər aprelin 15-də Batumu tutdular, eyni zamanda Qarsı mühasirəyə aldılar.
Zaqafqaziya Seymi daxilindəki narazılıqlar, Gürcüstanın Qafqaz birliyindən çıxıb Almaniya himayəsinə keçmək istəyi artıq bu millətlərin birləşdirilib bir orqanda fəaliyyət göstərməyini sual altına qoymuşdu.
1918-ci ilin 26 mayında Seymin sonuncu iclası keçirildi və fəaliyyəti dayandırıldı. Seymin fəaliyyəti qapandıqdan sonra 1918-ci ilin mayın 27-də azərbaycanlı deputatlar fövqəadə iclas çağırıb vəziyyəti müzakirə etdilər. 1918-ci ilin 28 Mayında Milli Şuranın birinci iclasında Azərbaycanın Müstəqilliyi Haqqında Bəyannamə qəbul edildi.
Qeyd edək ki, Azərbaycan İstiqlalının elan olunması günündə Müsavat lideri M. Ə. Rəsulzadə iştirak etmirdi. Səbəbi həmin hadisə ərəfəsində onun Batuma göndərilərək, orada türklərlə danışıqlar aparması idi. Çünki Müstəqil Qafqazın Batum danışıqlarına sülh heyəti göndərərkən (M. Ə. Rəsulzadə məhz bu heyətdə idi) «Azərbaycan siyasi firqələrinin birləşmiş iclasında» Nəsib bəy Yusifbəyli «Osmanlı dövlətindən yardım istəmək zərurətini» bildirmişdi.
Milli Şura 22 səslə (S. M. Qəniyev və C. Axundov bitərəf qaldılar) Azərbaycan istiqlalının elanı haqqında qərardan sonra «İstiqlal bəyannaməsi» qəbul etdi.
«İstiqlal bəyannaməsi» (həm «Əqdnamə», həm də Misaqi-milli» adlandırılır) altı maddədən ibarət idi:
- Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan dəxi kamiləl hüquq müstəqil bir dövlətdir.
- Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xalq Cumhuriyyəti olaraq təqərrür edir.
- Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti-həsənə təsisinə əzm edər.
- Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qələmrovunda (hüdudu daxilində) yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.
- Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
- Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında areyi ümumiyyə ilə intixab olunmuş şuraya milli və şurayi milliyə qarşı məsul hökuməti müvəqqətə durur» 80.
Azərbaycan İstiqlalı elan edilməsinin məna və əhəmiyyəti böyük idi. Bu baxımdan 1918-ci ildə Azərbaycan istiqlalına xarici ölkə alimlərinin, tədqiqatçılarının verdiyi qiymət olduqca dəyərlidir.
Professor Qothard Coske: «28 Mayıs 1918-ci ildə elan olunan Azərbaycan İstiqlaliyyəti, Türk və Azərbaycan düşməni bəzi bədxah zümrələrin
«isbata» çalışdıqları kimi, təsadüfi bir hadisə və ya işin içindən çıxa bilmək üçün verilmiş məcburi bir qərar deyildir və uzun müddətdən bəri inkişaf etməkdə olan təbii bir təkamül seyrinin son mərhələsi və nöqtəsidir!».
Professor Berd Fon Mende: «Bu tarix bilavasitə onunla əlaqədar olan zümrə xaricindəkiləri əlaqədar edən böyük bir günün tarixidir. Çünki, bu sadə Qafqasiyadakı milli dövlətçilik inkişafı üçün mühüm bir təməl daşı olmaqla qalmayıb, eyni zamanda Rusiya imperatorluğunda başlayan siyasi hadisələrin seyrində milliyyət prinsipinin hakim rol oynamağa başlandığı bir günün tarixidir».
Professor Herbert Duda: «Həqiqi milliyətçiliyin lüzumu ilk öncə Azərbaycanda qavrandı və bütün Türk irqdaşlarını kültür baxımından birləşdirmək məfkurəsinə orada çalışıldı».
Professor Şerbert Yanski: «1918-ci ildə rus əsiri olan türklər üçün bir istiqbal açıldı; həsrətini çəkdikləri hürriyyətə qovuşacaqlardı. Müstəqil bir dövlətin təməlini quran ilk türk yurdu Azərbaycan idi».
Doktor Bertold Spuler: «28 mayısın aşıladığı ruh əsrimizin hakim və mədəni insanlığın əbədi və əzəli həyat prinsipi – millətçilik ümdələrinə dayandığı üçün Azərbaycanın çalınmış istiqlalını geri almaq işində mühəqqəq tarixi rolunu müvəffəqiyyətlə ifa edəcəkdir».
Cohannes Benzinq: «28 Mayısı doğuran Azərbaycanı necə tanımaq lazım? 28 Mayısın ilhamları haradan gəlir? Vəd olunan suallara qısa bir məqalə çərçivəsində kafi dərəcədə bir cavab vermək çətin olmaqla bərabər bəzi əsas nöqtələr təbarüz etdirilirsə 28 Mayıs anlaşılır: Azərbaycan tarixi hər şeydən əvvəl bizə Azəri Türkünün hürriyyətə olan dərin bir sevgisini göstərməkdədir».
Professor Tadeuş SvИiyetoçovski: «İndiyə qədər coğrafi bir bölgənin adı olan Azərbaycan, artıq iki milyonluq bir dövlətin adıydı. Tatarlar, Transqafqaziya müsəlmanları və Qafqaziya türkləri kimi dəyişik isimlərlə anılan xalq artıq rəsmən azərbaycanlı olmuşdu» .
28 May istiqlalı millətin varlığını dünyaya sübut etdi. Bu hadisə bütün Şərq aləmində və bütün türk dünyasında yeni, demokratik prinsiplərə söykənən bir dövlətin qurulduğunu xəbər verirdi. Rus məhkumu türk elləri içində Azadlıq bayrağını ilk dalğalandıran Azərbaycan oldu və 28 may «Azadlığa qovuşan bir insan kütləsinin hürriyyəti simvolu»na çevrildi.
Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə 28 may istiqlalını mühüm hadisə adlandıraraq bu münasibətlə yazırdı: «O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır».