BATUM MÜQAVİLƏSİNİN TARİXİ ƏHƏMİYYƏTİ – “Faktlara dayanan TARİXİMİZ”

BATUM MÜQAVİLƏSİNİN TARİXİ ƏHƏMİYYƏTİ – “Faktlara dayanan TARİXİMİZ”

“İNFONEWS” – un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:

BATUM MÜQAVİLƏSİNİN TARİXİ ƏHƏMİYYƏTİ

1918-ci il iyunun 4-də «Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasındakı dostluq müqaviləsi»ni Türkiyə dövləti adından Ədliyyə naziri Xəlil Menteşə, Qafqaz cəbhəsinin Baş komandanı Vəhib Paşa; Azərbaycan hökuməti adından isə Xarici İşlər naziri M. H. Hacınski və Milli Şuranın sədri M. Ə. Rəsulzadə imzaladılar. Azərbaycan Respublikası nümayəndələrinin xarici ölkələrlə atdığı ilk sənəddə hər iki dövlətin – Osmanlı imperiyası və Azərbaycan hökuməti arasında «Siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməkdə qarşılıqlı surətdə razılığa gəlindiyi» bildirilirdi.

İmzalanan sənədin birinci maddəsi belə idi: «Osmanlı imperatorluğu hökuməti ilə, Azərbaycan Respublikası hökuməti arasında daima sülh və möhkəm dostluq olacaqdır».

4-cü maddədə isə deyilirdi: «Dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün, əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür.

Azərbaycan hökuməti ən ağır və çətin şəraitdə məhz həmin müqavilə əsasında türk qoşunlarını Azərbaycana dəvət etmişdi. M. Ə. Rəsulzadə yazırdı: «Bütün Azərbaycan xəlqinin çarçeşmlə bəklədiyi ümidə tərcüman olan bu müraciətimizdə Türkiyə heyəti-mürəxxəsəsi həmən müvafiqət cavabını verdi».

M.Ə. Rəsulzadənin başçılıq etdiyi Milli Şuranın Azərbaycanın bir müstəqil dövlət halına gəlməsində həqiqətən böyük xidmətləri oldu.

Azərbaycan İstiqlal bəyannaməsinin altıncı maddəsində göstərildiyi kimi, «Azərbaycan idarəsinin başında Şurayi Milli» dururdu.

Azərbaycan Milli Şurası istiqlalımız uğrunda hətta özünü buraxmaq dərəcəsinədək lazım gələndə güzəştə getmişdi. Milli Şuranın istiqlal elanının ilk vaxtlarındakı mübarizəsi olduqca çətin idi. Azərbaycan daxilindəki bəzi qüvvələr Milli Şuranı ləğv etməyə çalışırdılar. Bu qüvvələr «İlhaqçılar» adı altında çıxış edərək hökumətin buraxılaraq Nuru Paşanın yeni hökumət təşkil etməsini tələb edirdilər. M. B. Məmmədzadə yazırdı: «O yalnız bitərəflik elan etməmiş, hökumətin və Milli Şuranın tamamilə dağılmasını və mövqeyini paşanın öz ordusu ilə təşkil edəcəyi hökumətə verməsini istəyirdi. Təşkil olunacaq bu «hökumət» isə rus çarizminin sabiq deputatları ilə şeyxülislamdan ibarət olacaqdı».

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir