“Gədəbəydə hadisələri bu həddə çatdırmaq lazım deyildi…”
“Gədəbəydə hadisələri bu həddə çatdırmaq lazım deyildi. İcra başçısının müavini yerlimizdi, ona zəng etdirib dedim ki, lazımdırsa, gəlim, insanlarla konfiliktə girilməsin. Dedi ki, problemi özümüz həll edəcəyik, hələ ki, lazım deyilsən”
“İNFONEWS” xəbər verir ki, bunu “Adalet.az” – a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov Gədəbəydə baş verən hadisələr haqda danışarkən deyib.
R.Mahmudov məsələnin tezliklə həll ediləcəyinə inandığını bildirib:
“Doğrudan da sianez işlədilir. Ötən əsrdən əvvəl orda almanlar da qızıl çıxarıb. Torpağı meşənin içində yandırıb qızılı ondan ayırıblar. İndi isə kimyəvi yollarla bunu edirlər. Bəlkə dünyada da bunu edirlər, bilmirəm. Sianezi hidrogensizləşdirib başqa qaza da keçirmək olar. Söyüdlü kəndində bir süni göl yaradıblar və orda sianez buxarlanır, çünki çox zəhərli maddədir. İnsanların heyvanları gəlib orda otlayanda zəhərlənib ölür. Kənd sakinləri də buna narazılıq edirlər və ikinci süni gölü yaratmağa qoymurlar”.
R.Mahmudov Gədəbəy camaatının həmişə dövlətini, torpağını sevdiyini bildirib:
“Bəzi adamlar isə buna müxtəlif cür don geyindirməyə çalışırlar. Nə Gədəbəydə, nə də Söyüdlü kəndində dövlətimizə qarşı heç bir söz-söhbət ola bilməz. İlham Əliyev öz adını tarixə yazdırıb. Biz Nadir Şahdan bu yana qələbə görməmişik. Gədəbəy camaatı haqqında deyilənlər təxribatdır, mən bu sözləri bəyənmirəm. O polisin gözyaşardıcı qazı qadının gözünə vurması isə yolverilməzdir, gərək bunu etməyəydi. İndi komissiya ayrılıb, araşdırma aparılır. Yəni insanları da nəzərə almaq lazımdır, insanlar boğulur axı. Gədəbəylilər müaribə zamanı çox əziyyət çəkdilər. Biz Başkənd deyilən böyük bir kəndi ermənilərdən azad etmişik. Gədəbəylilərə ləkə vurmaq lazım deyil”.
(Vasif Əlihüseyn)