“…işdən sonra övladlarımla ad günümü qeyd edəcəm” -ŞAHBAZ XUDUOĞLU

“…işdən sonra övladlarımla ad günümü qeyd edəcəm” -ŞAHBAZ XUDUOĞLU

“Bu gün 55 yaşım tamam olur. Bu gün işdə olacam və işdən sonra övladlarımla ad günümü qeyd edəcəm”

“İNFONEWS” bunu “Adalet.az” – a açıqlamasında bu gün 55 yaşı tamam olan “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu deyib.

Ş.Xuduoğlu illər öncə həyat yoldaşını avtomobil qəzasında itirməsindən də danışıb:

“Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” əsəri var.  Əsərin qəhrəmanı Tomas adlı şəxsdir. Onun ölkəsinə ruslar daxil olur, həkim olsa da peşəsiylə məşğul ola bilmir və məcbur olub ölkəsini tərk edir və şüşə, pəncərə silməklə dolanır. Yəni bunun başına ən müxtəlif hadisələr gəlir. Səhv etmirəmsə o maşın altına düşür və həyatını itirir. Mən də bir dəfə yazımda demişdim ki, bəlkə də öz həyatımı Tomasın həyatına bənzədirəm və sadəcə bir qəza qalıb. Təsəvvür edin ki, o yazıdan sonra məlum qəza hadisəsi oldu. Başıma gələn yalnız bu hadisə deyildi. Zaman keçdikcə, həyatda ən qorxduqların artıq başına gəlir və yavaş-yavaş həyat qorxusuz bir məqama gəlib çıxır”.

Ş.Xuduoğlu kitab oxumağın insanlar üçün faydasından da danışıb:

“Bilirəm ki, kitab oxumağın yalnız insanın inkişafına yox, həm də sağlamlığına xeyri var. Yəni kitabın müsbət tərəfləri çoxdur. Bunları sadalamaq istəmirəm, çünki onda deyirlər ki, öz biznesidir. Kitab satmaq istəyir deyə bundan danışır. Mən həmişə hansı kitablar insanın həyatına təsir edir konkret o kitablardan danışıram. Fikirləşirəm ki, Azərbaycan cəmiyyətində kitabdan vacib ikinci bir məsələ yoxdur. Düşünün ki, bir məktəbdə keçirilən sorğuya görə şagirdlərin yalnız 11 faizi boş vaxtlarında kitab oxuyur. Amma indi düşünün ki, indi Azərbaycan cəmiyyətində sıfır-sıfır 11 faiz insanlar kitab oxuyur və ya oxumur. Belə olan mühitdə bu kitabın biznes tərəfindən çox mənəvi tərəfi adamı daha çox düşündürür. Çünki ağıllı biznesmen bu işlə məşğul olmaz. Bu işə mənəvi dəyər verən insanlar bu işlə bağlı düşünər və onu görər”.

Ş.Xuduoğlu mətbuatda əleyhinə yazılan yazılara da münasibət bildirib:

“Məsələ burasındadır ki, məndən bir neçə yerdə bu haqda soruşdular. O yazıların müəllifləriylə qarşılaşanda onları tanımıram. Sonra bəlli olur ki, yanımda oturan, elə üz-üzə görüşdüyüm adamlardı bunu yazanlar. Bu normaldır. Sadəcə səmimi olsunlar, söz xatirinə yazmasınlar. Amma yenə də söz xatirinə də yazırlarsa, yazsınlar. Əgər mən də tənqidə, alternativ fikrə dözümsüz olacamsa, onda bunlara kim dözməlidir? O mənada vacib deyil ki, hər şeyə cavab verəsən. Bununla razı olmayan xeyli insanlar var və onlar buna cavab verirlər. Vacib deyil mən hər şeyə cavab verim. Bu işdi görülür. Ola bilər ki, kimsə kifayət qədər diqqət görmür bundan inciyir. Kiminsə kitabı yaddan çıxıb sərgiyə gətirilməyib deyə ondan inciyir. Mənim fəaliyyətim sanki lupa altındadır. Kitab işi lupa altına gəlibsə, bu artıq kitab sahəsində görülən işin uğurlu tərəfidir. Deməli mən onu cəmiyyətin diqqətinə gətirə bilmişəm. Dərhal da o görünür. Hər kəs baxır və öz fikirlərini paylaşır. Kitab sahəsindəki problemləri də paylaşırlar, kitablarda olan nöqsanları da görürlər. Bu isə çox yaxşıdır. Kitab teması açıq bir müzakirəyə çevrilib. Yəni bunun mən yalnız yaxşı tərəfini görürəm”.

(Vasif Əlihüseyn)

Biz də “İNFONEWS” komandası olaraq, Şahbaz müəllimi səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, firavan ömür arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir