Prezident İlham Əliyev: “Ucuz populyarlıq dalınca qaçanların axırı pis olur”
“İNFONEWS” xəbər verir.
Biz bütün işləri ardıcıllıqla edirik. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər əlbəttə ki, başa çatmalıdır.
Bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, ondan sonra ziyan qiymətləndirilməlidir. “Əgər biz ziyanın qiymətləndirməsini etməsək, sabah təzminat davasında da uğur qazana bilmərik. Ona görə də, ilk növbədə, yerli qurumlar dağıdılmış bütün evlərin pasportlaşdırılmasını aparmalıdır. Video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma aparmalıdır. Hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni, bu ardıcıllıq budur”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Bu işlərdən sonra infrastruktur layihələrinin icra edilməli olduğunu qeyd edən Prezident deyib: “Axı infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yoxdursa necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər, bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox – “ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan durub deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bu, birincisi. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq. Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək, amma kim oraya gedəcək. Orada adam yoxdur”.