“Ermənistan dünya mediasında yalandan hay-küy qaldırır”
Ermənistan 30 ilə yaxın işğal altında saxladıqları ərazilərimizdə digər tarix-mədəniyyət abidələrində olduğu kimi, Alban məbədlərini də saxtalaşdırmaqla, müxtəlif işarə və nişanlar qoymaqla özününküləşdirmək istəyib. Lakin buna nail ola bilməyiblər. Artıq Alban məbədlərinin tarixi varisləri geri qayıdıb və bu saxtakarlıqları faktlarla dünya ictimaiyyətinə təqdim edir, əsl həqiqəti söyləyirlər.
“İNFONEWS” AZƏRTAC – a istinadən xəbər verir ki, Zəfərlə başa çatan Vətən müharibəsində azad edilən torpaqlarımızda ermənilərin Azərbaycan tarixinin bütün dövrlərinə aid abidələri və mədəni dəyərləri məhv etməsinin bir daha şahidi olduq. Nəinki İslam-türk abidələrini, Alban dövrünə aid bütün abidələri də özününküləşdirməyə cəhd etdikləri üzə çıxdı, erməniləşdirməyə nail olmadıqlarını isə ya dağıdıb, ya da təhqiredici əməllər törədiblər.
Əməkdaşlarımız Alban dövrünə aid monastr, kilsə və digər tarix-memarlıq abidələrinin dünyadakı varisləri – Qəbələnin Nic qəsəbəsində yaşayan, ana vətənləri Azərbaycan olan Alban-Udi Xristian dini icmasının nümayəndələri ilə görüşüb, bu barədə söhbət ediblər.
“İndi Ermənistan dünya mediasında yalandan hay-küy qaldırır ki, azərbaycanlılar “erməni kilsələrini” dağıdırlar. Əslində isə Alban dövrünə aid bütün tarixi yazılar və mənbələr elə abidələrin özünə həkk olunub. Sadəcə, daşları hiss etmək və danışdırmaq lazımdır”. Bu fikirləri Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bildirib. İxtisasca geoloq olan və Alban memarlıq abidələrini tədqiq edən Robert Mobili dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların əsl həqiqətdən hələ də ya xəbəri olmadığını, ya da buna göz yumduğunu söyləyib.
Müsahibimizin sözlərinə görə, ermənilər iddia edirlər ki, guya Qarabağda olan məbədlər, kilsələr onlara aiddir: “Yaxşı, özlərini “ilk xristian” hesab edən ermənilər Xudavəng monastrını, Ağoğlan kilsəsini, yaxud Tuğ kəndində olan qədim Qtiçavank kilsəsini niyə bu günə salıb? Məgər xristian dininin “ilk daşıyıcısı” olan “xalq” belə edərmi? Bu qədim kilsələri qoruyub saxlamaq elə çətin idi?”, – deyən icma sədri bu yaxınlarda keçirilən beynəlxalq konfransda da erməni iddialarını ifşa edib.
Qeyd edək ki, bir həftə əvvəl Polşada “Cənubi Qafqaz XXI əsrdə” adlı Beynəlxalq konfrans keçirilib. Bu mötəbər tədbirdə dünyanın 20-dən çox ölkəsini təmsil edən alimlər, o cümlədən Cənubi Qafqaz təmsilçiləri – Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistan da təmsil olunub. Robert Mobili “Qarabağdakı Alban abidələri – işğal altında olduğu dövrdə onların saxtalaşdırılması və bunun müəyyən edilməsi” mövzusunda dəlil-sübutlarla məruzə edərək, bir daha mənfur qonşuların riyakarlığını dünya alimlərinin diqqətinə çatdırıb.
Dini icmanın sədr müavini Rafik Danakari isə son üç ildə Qarabağdakı əksər Alban məbəd və kilsələrinə səfər etdiklərini və hər birində saxta işarələrə, simvollara rast gəldiklərini, dini məbədgahlardan anbar, tövlə kimi istifadə edildiyinin şahidi olduqlarını bildirib. O qeyd edib ki, 2020-ci ilin dekabr ayından sonra azad olunmuş ərazilərə gedərkən Kəlbəcərdən ta Tərtərə kimi ermənilərin kilsələri, monastrları, məscidləri nə günə qoyduqlarının bir daha şahidi olublar.
“Azərbaycan dünyanın ən tolerant və multikultural ölkəsidir. Təsadüfi deyil ki, məhz Azərbaycanda dünyada bənzəri olmayan “Tolerantlıq həftəsi” keçirilir, xalq və dinlərin birgəyaşayış nümunəsi öz əksini tapir”. Bu fikirlər isə Azərbaycanda Katolik Kilsəsinin Apostol prefekturasının nümayəndəsi Toral Ağayevə məxsusdur. O bildirib ki, artıq on illərdir bütün dinlərin nümayəndələri sərbəst olaraq vaxtaşırı bir araya gələrək, həm ibadət-dua edir, həm də birgəyaşayış planlarını, iş və həyat təcrübələrini bölüşür.
“Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bu, hər zaman belə olub. Bu ənənə, bu çoxmillətlilik və çoxkonfessiyalılıq ənənəsi, birgəyaşayış ənənəsi Azərbaycanda yaşayır və inkişaf etdirilir. Bu birgəyaşayış ənənəsinə, mədəniyyətinə ən böyük dəstəyi əlbəttə ki, biz dövlətimizdən alırıq. Çünki bu, dövlət siyasətidir. Dini icmalara bütün imkanlar yaradılıb ki, onlar Azərbaycanda əməkdaşlıq şəraitində yaşasınlar”, – deyə o, fikrini tamamlayıb.
Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmalar “Tolerantlıq həftəsi” çərçivəsində Qəbələdə bir araya gələrək, dövlətimizin Konstitusiya quruluşunu tam bərpa etməsi münasibətilə ibadət-dua mərasimi təşkil edib. Gələcəkdə belə mərasimlərin Qarabağdakı İslam ibadətgahlarında və Alban məbədlərində də təşkili nəzərdə tutulur.