Memarlıq və İnşaat Universitetində yeni fakültə yaradılır
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni fakültə yaradılır. Artıq dizayn universitetin tərkibində bir ixtisas kimi deyil, yeni fakültə olaraq fəaliyyət göstərəcək. Ölkəmizdə dizayn ixtisası üzrə ilk kadr buraxılışının 25 illiyinə təsadüf edən bu əlamətdar hadisə ilə bağlı Beynəlxalq Muğam Mərkəzində sərgi təşkil olunub.
“İNFONEWS” xəbər verir ki, sərgidə universitetin dizayn ixtisası tələbələrinin 25 il müddətində toplanan əl işləri və layihələri nümayiş edilib.
AzMİU-nun rektoru Gülçöhrə Məmmədova bildirib ki, Azərbaycanda bu ixtisas ilk dəfə universitetdə 1980-ci illərdə mühit dizaynı olaraq yaradılıb. Daha sonra 1998-ci ildə Memarlıq fakültəsinin nəzdində Dizayn kafedrası yaradıldı və bu ixtisas üzrə tələbə qəbulu həyata keçirildi: “1998-ci ildə mühit dizaynı ixtisası üzrə ilk bakalavr, 2000-ci ildə isə magistr buraxılışları reallaşdırılıb. Bu günə kimi 1400-ə yaxın məzunumuz olub. Əlbəttə ki, ölkəmizdə aparılan işlər fonunda bu, yetərli deyil. Universitet olaraq dövlətin, istehsalatın yeni çağırışlarına cavab verməliyik və hesab edirəm ki, yeni fakültənin yaradılması bu işləri sürətləndirəcək”.
Rektor qeyd edib ki, ötən 25 ildə kafedrada aparılan tədqiqatlar və qurulan əlaqələr nəticəsində tədris və layihə-tikinti təcrübəsinin vəhdətinə nail olunub. Burada eksperimental xarakterli tədris-metodiki işlərin görülməsi ilə yanaşı, Bibiheybət ziyarət kompleksi də daxil olmaqla inşa olunmuş onlarca müxtəlif təyinatlı binalar layihələndirilib və bir sıra konseptual xarakterli memarlıq ideyaları beynəlxalq müsabiqələrə çıxarılıb.
Tədbirdə çıxış edən İtaliya–Azərbaycan Dizayn Mərkəzinin rəhbəri Fərid Kərimov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Memarlıq İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə dizayn ixtisasının tədrisinin əhəmiyyətini vurğulayıblar.