“Sosial iş ilə sosial siyasət arasında…”-SOSİAL PROBLEMLƏR

“Sosial iş ilə sosial siyasət arasında…”-SOSİAL PROBLEMLƏR

“İNFONEWS” Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi, iqtisadçı ekspert, beynəlxalq təlimçi Leyla Köçərlinin təqdimatında yeni “SOSİAL PROBLEMLƏR” layihəsinə start verir.

Layihə çərçivəsində əhali arasında sorğuya səbəb olan gündəmdəki və redaksiyamıza daxil olan sualların öz cavabını tapmasına çalışacağıq.

SOSİAL İŞ İLƏ SOSİAL SİYASƏT ARASINDA HANSI QARŞILIQLI ƏLAQƏ MÖVCUDDUR?

Sosial iş sosial problemləri (işsizlik, yoxsulluq,  qayğıya ehtiyac, ayrıseçkilik, təcrid və s.) müəyyənləşdirməklə, bu problemləri yaradan elementləri təyin etmək və  onların həlli istiqamətində sosial siyasətlə qarşılıqlı əlaqədə olan peşədir.  Sosial işin peşəkar məqsədi sosial problemləri  həll edərək sosial rifah səviyyəsini yüksəltməkdən ibarətdir. Sosial siyasət isə sosial problemlərin həlli üçün planları, proqramları, xidmətləri və tətbiqləri formalaşdıran ən vacib vasitədir. Başqa sözlə desək sosial problemlərlə üzləşən  insanlara yardım göstərmək üçün nə qədər pul xərcləyə biləcəyimiz, bu insanların rifahı üçün hansı xidmətlər göstəriləcəyi və sosial yardımdan kimlərin yararlanacağı və ya yararlana bilməyəcəyi kimi məsələlər sosial siyasət prinsiplərinə daxildir. Sosial siyasət sosial işçilərin müdafiəyə ehtiyacı olan şəxslər üçün nə edə biləcəyini və ya edə bilməyəcəyini təyin edir. Sosial işçi müraciət edənin arzu və istəklərinə uyğun hansı mənbələrdən yararlana biləcəyini, bu mənbələrə necə çatacağını qüvvədə olan sosial siyasət prinsiplərinə əməl etməklə öyrənə bilər. Beləliklə, Sosial siyasət dövlətin sosial sahədəki bütün siyasətlərini təyin edir, sosial iş isə bu siyasətləri imkansız qrupların ehtiyaclarına uyğun olaraq həyata keçirir. Məsələn, müdafiəyə ehtiyacı olan uşağın  lazımi  bir təşkilata  gətirilərək  mövcud qayğı tədbirinin yerinə yetirilməsi və uşağı etibarlı məkanla təmin etmək, o cümlədən  çoxsaylı və mürəkkəb sosial problemlərin bu və ya digər şəkildə həll edilməsi məsələləri sosial işə aiddir. Bu problemlər üçün uzunmüddətli planlar qurmaq isə sosial siyasətin əsas mövzusudur. Sosial işçilər  vətəndaşlara dəstək olmaq üçün  davamlı olaraq sosial siyasət konsepsiyasından və biliklərindən faydalanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir